“Rabitəbank” ASC və Mingəçevir Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov və universitetin rektoru Anar Eminov tərəfindən imzalanıb.
Sənədin əsas məqsədi təhsil və bank sektoru arasında əlaqələrin gücləndirilməsi, nəzəri biliklərin praktiki təcrübə ilə zənginləşdirilməsi, eləcə də gənclərin müasir əmək bazarının tələblərinə uyğun hazırlanmasına dəstək göstərilməsidir. Bu əməkdaşlıq çərçivəsində tərəflər innovativ yanaşmaların tətbiqinə, rəqəmsal transformasiya proseslərinin təşviqinə və müasir bankçılıq sahəsində bilik mübadiləsinin genişləndirilməsinə xüsusi önəm verəcəklər.
Əməkdaşlıq çərçivəsində gənclərin maliyyə savadlılığının artırılmasına yönəlmiş təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır. Bu addımlar universitet məzunlarının əmək bazarına daha hazırlıqlı çıxmasına, praktik bilik və bacarıqlarını artırmasına və gələcək karyeralarında daha uğurlu olmalarına töhfə verəcək.
“Rabitəbank” ASC üçün təhsil müəssisələri ilə əməkdaşlıq strateji prioritetlərdən biri olmaqla, bank bu istiqamətdə davamlı layihələr həyata keçirərək gənc nəslin inkişafına dəstək göstərməyi hədəfləyir. Bank hesab edir ki, bu kimi tərəfdaşlıqlar ölkədə insan kapitalının inkişafına, innovasiyaların təşviqinə və dayanıqlı iqtisadi artıma mühüm töhfə verir.
İmzalanan memorandum təhsil və biznes arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsinə, bilik və təcrübə mübadiləsinin genişlənməsinə, eləcə də gələcək mütəxəssislərin hazırlanmasına xidmət edəcək.
Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.






