AZ

Böyük Qayıdışın qarşısında duran ən ciddi maneə

"İşğaldan azad edilmiş ərazilərdə minalar problemi mövcuddur ki, bu da bərpa və quruculuq işlərinin aparılmasını ləngidir". 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş naziri İnqa Ruqinieneni qəbul edərkən deyib. Onun sözlərinə görə, artıq 30 minə yaxın keçmiş məcburi köçkünün öz dədə-baba yurdlarına qaytarılması təmin olunub. 

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən şəhərlərin, kəndlərin salındığını, nəqliyyat və digər sosial infrastruktur layihələrinin icra olunduğunu deyib. 

Dövlət başçısı Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə indiyədək 400-dən çox insanın mina partlayışlarında həlak olduğunu və ya yaralandığını da bildirib. 

“Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, mina problemi Azərbaycan əraziləri işğaldan azad olunduqdan sonra, demək olar ki, bəlkə bir nömrəli məsələ kimi bu gün də gündəmdədir: 

“Məsələ burasındadır ki, ərazilərimiz erməni işğalı altında olduğu dövrdə geniş şəkildə mina çirklənməsinə məruz qalıb. Bu problem yalnız həmin dövrü əhatə etmir. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən sonra da rus “sülhməramlı” qüvvələrinin məsuliyyət dairəsində olan ərazilərdə Ermənistan tərəfindən yenidən minaların basdırılmasına şahidlik etdik. 

Həmin minaların zərərsizləşdirilməsi zamanı onların 2021–2022-ci il istehsalı olduğu və Ermənistanda hazırlanaraq sonradan bu ərazilərə yerləşdirildiyi faktları üzə çıxıb. Bu, gizlədilməsi mümkün olmayan reallıqdır. Təəssüf ki, mina ilə çirklənmiş ərazilərdə indiyədək 400-dən artıq vətəndaşımız - həm hərbçilər, həm də mülki şəxslərimiz - müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 70-dən çox insan isə həyatını itirib. 

Bu problem bu gün də davam edir. Hazırda Azərbaycan minaaxtaranları hər gün həyatlarını riskə ataraq ərazilərin təmizlənməsi ilə məşğuldurlar. Bu prosesin isə uzun müddət davam edəcəyi gözlənilir. Çünki ərazilərin tam şəkildə minalardan təmizlənməsi üçün həm böyük maliyyə vəsaiti, həm də uzun zaman tələb olunur”. 

Deputat qeyd edib ki, bu, insanlıq əleyhinə, bəşəri  müharibə cinayətidir: 

“Ermənistan illər boyu bu cinayətlərin əsas tərəfi, onları həyata keçirən başlıca qüvvə olub. Təəssüf ki, beynəlxalq müstəvidə də Ermənistanın bu əməlləri heç bir beynəlxalq təşkilat tərəfindən lazımi səviyyədə gündəmə gətirilməyib və qınaq obyektinə çevrilməyib. Bu, məsələnin bir tərəfidir. 

Digər tərəfdən, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi gedərkən, Azərbaycan tərəfi mina xəritələrinin təqdim olunması məsələsini ciddi şəkildə gündəmə gətirmişdi. 

Lakin ilkin mərhələdə ermənilər bunu bir növ alver predmetinə çevirməyə çalışırdılar. Təbii ki, buna imkan verilmədi və Azərbaycan bu məsələdə prinsipial mövqe ortaya qoydu. Sonradan məlum oldu ki, mina xəritələrinin bir hissəsi də Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahında saxlanılır. 

Nəhayət, danışıqlar nəticəsində Ermənistan mina xəritələrinin müəyyən hissəsini təqdim etdi. Ancaq sonrakı faktlar göstərdi ki, təqdim olunan xəritələrin cəmi 20–25 faizi reallığı əks etdirir, qalan hissə isə ya yanlışdır, ya da qeyri-dəqiqdir. 

Hətta erməni tərəfi bəzi hallarda etiraf etdilər ki, hətta minalar vaxtilə xaotik şəkildə yerləşdirilməsi olubdur. Bu səbəbdən də həmin xəritələrin dəqiqliyini tam müəyyənləşdirmək mümkün deyil”. 

Arzuxan Əlizadə vurğulayıb ki, belə çətin şəraitdə Azərbaycan minaaxtaranları hər gün həyatlarını riskə ataraq fəaliyyət göstərirlər: 

“Onların əməyinin nəticəsində ərazilər tədricən minalardan təmizlənir və bu, 30 ilə yaxın qaçqın və məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın, bacı-qardaşlarımızın doğma torpaqlarına qayıdışına şərait yaradır. 

Çünki minalardan təmizlənməmiş ərazilərdə nə infrastruktur layihələrinin, nə də digər tikinti işlərinin həyata keçirilməsi mümkündür. Yalnız təhlükəsiz, təmizlənmiş ərazilərdə bu proseslər başlaya bilər. 

Bu baxımdan, “Böyük Qayıdış” konsepsiyasının qarşısında duran ən ciddi maneələrdən biri məhz ərazilərimizin geniş şəkildə minalanmasıdır. Ermənistanın zamanında törətdiyi bu əməllər bu gün də öz ağır nəticələrini göstərməkdədir. 

Təəssüf ki, bu bəşəriyyət əleyhinə cinayət hələ də beynəlxalq təşkilatlar tərəfindən lazımi səviyyədə diqqətə gətirilmir”.

Seçilən
15
47
cebheinfo.az

10Mənbələr