ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Sabiq deputat Etibar Əliyevin Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya açıq məktubu diqqət çəkib. O, küçələrdə rastlaşdığı mənzərə ilə bağlı narazılığını bildirib.
Sitat: “Üç məktəbə gedən yolun üstündə dananı kəsib, başını asırlar. Bütün qəssabxanlar belədir. Əminəm ki, siz uşaq psixologiyasının əlifbasından xəbərdarsınız. Nəvəmin psixoloji travma almaması üçün gözlərini bağlayıb oradan keçməliyik?”.
Sözügedən qurumdan dərhal cavab gəlib və məsələnin araşdıralacağı bildirilib.
Bu cür görüntülər uşaqların psixologiyasına hansı formada təsir edir? Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu məsələni necə tənzimləyir?
Globalinfo.az-a danışan uşaq və yeniyetmə psixologiyası üzrə mütəxəssis Nərmin Ağayeva deyib ki, uşaqlar üçün vizual zorakılıq ciddi psixoloji təsir yaradır:
“İctimai mühitdə onların emosional təhlükəsizliyi mütləq qorunmalıdır. Sözügedən vəziyyətdə təsirin dərəcəsi uşağın yaşı və psixoloji inkişaf səviyyəsinə görə dəyişir. Məktəbəqədər yaş dövründə uşaqlar ölüm anlayışını tam dərk etmir, fantaziya ilə reallığı tez-tez qarışdırırlar. Bu səbəbdən onlarda xüsusilə gecə qorxuları, kabuslar, ayrılıq təşvişi və “məni də heyvan kimi kəsərlər” kimi konkret qorxular yarana bilər. Çünki bu yaşda uşaq üçün qan, kəsilmə və ya heyvan başının küçədə asılması simvolik deyil, birbaşa təhlükə kimi qəbul olunur”.
Nərmin Ağayeva
Psixoloq qeyd edib ki, məktəb yaşından yeniyetməlik dövrünə qədər isə uşaqlar artıq səbəb-nəticə əlaqəsini başa düşürlər:
“Lakin bunu dərk etsələr belə, bəzi hallarda emosional həssaslıq göstərə bilirlər. Bu, həddindən artıq həssaslıq və ya əksinə, hisslərin kütləşməsi ilə müşahidə oluna bilər. Bəzi yeniyetmələrdə empatiya artır, bəzilərində isə belə halların normallaşdırılması baş verir. Uşaqların sərbəst hərəkət etdiyi açıq ictimai mühitdə psixoloji baxımdan bu cür vizualların mövcudluğu uyğun deyil. Xüsusilə məktəb və uşaq bağçaları ətrafında belə halların olması həm etik, həm də inkişaf baxımından ciddi problemdir. Bu məsələ təkcə psixoloji deyil, eyni zamanda ictimai sağlamlıq və uşaq hüquqları baxımından da narahatlıq doğurur”.
Məsələ ilə bağlı AQTA-ya sorğu ünvanladıq.
Qurumdan bildirilib ki, Azərbaycan Prezidentinin 11 iyun 2018-ci il tarixli sərəncamına əsasən, baytarlıq və gigiyena qaydalarına uyğun olmayan yerlərdə, küçə və yol kənarlarında heyvan kəsiminin qarşısını almaq üçün Agentlik aidiyyəti qurumlarla birlikdə mütəmadi yoxlamalar aparır:
“Nəzarət tədbirləri çərçivəsində AQTA-nın müfəttişləri tərəfindən Daxili İşlər Nazirliyi, yerli icra orqanlarının əməkdaşlarının iştirakı ilə heyvan kəsimi və ət satışı yerlərində keçirilmiş reydlər zamanı qanunsuz fəaliyyət göstərən məntəqələrdə qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülür, yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən, yol kənarlarında qanunsuz olaraq quraşdırılan dəmir konstruksiyalar sökülərək qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınır.
Qeyd edək ki, görülən tədbirlərlə bağlı məlumatlar mütəmadi olaraq ictimailəşdirilir.
Qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə “1003-Çağrı Mərkəzi”nə məlumat verilə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir”.
Ləman İmran
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.