AZ

Məşhur olmaq asanlaşıb, zövqlər korlanıb...

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Müsahibimiz dəyərli xanəndə, Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının müdiri, dosent Teyyub Aslanovdur.

- Teyyub müəllim, söhbətimizə yaradıcılığınızdakı yeniliklərlə başlamaq istərdik. Yəqin ki, sənətsevərlər üçün xoş yenilikləriniz var...

- Bəli, yaradıcılıq dayanmır, həmişə öz axarı ilə davam edir. Bəzən olur, hansısa işlərlə əlaqədar müəyyən ləngimələr yaranır, amma bizim başlıca işimiz elə yaradıcılığımızdır. Yeni mahnılar üzərində işləyirik. Demək olar ki, hər il ən azı 2-3 yeni səpkili, yeni aranjimanda mahnılarımız olur. Ötən il Dövlət Filarmoniyasında "Dostlarla birgə" adlı solo konsertimiz keçirildi. Qonaqların, tamaşaçıların dediyinə görə, çox möhtəşəm bir konsert olub. İndi isə daha geniş salonlarda konsertlər planlaşdırırıq. İnşallah ki, olacaq. Əsas istəyimiz Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etməkdir. Onun da olacağına ümid edirik.

- Amma efirdə çox görə bilmirik sizi... Tək siz deyil, bir çox xanəndələrimiz var ki, efirdən uzaq qalmağı seçirlər. Bu, nə ilə bağlıdır?

- Açığı, nə ilə bağlı olduğunu bilmirəm. Amma özümün və dostlarımın adına deyə bilərəm ki, efirə çıxacağımız, ürəyimizcə olan verilişlər azdır. Yox deyil, var, amma sayca çox azdır. Onlara da tez-tez olmasa da, ara-sıra çıxırıq. Digər verilişlərə isə çıxmaq istəmirik.

- Adətən, sizin kimi xanəndələrimizlə, sənətkarlarımızla söhbət əsnasında, onlar tamaşaçıların getdikcə korlanan musiqi zövqündən gileylənir və bunun da başlıca səbəbi kimi efirlə bağlı xoşagəlməz vəziyyəti göstərirlər. Efirdə zövqsüzlüyün, bayağılığın təbliğ olunduğunu deyirlər. Amma biz onlara niyə özlərinin verilişlərə çıxmadığını sual verəndə, efirdən uzaq durmağı seçdiklərini deyirlər. Bəs bu prosesdə sizin də rolunuz yoxdurmu? Siz efirə müntəzəm çıxsanız, sizin kimi sənətkarlar səviyyəli musiqini təbliğ etsə, tamaşaçıların zövqünə təsir göstərməzmi?

- Düşünürəm ki, elə deyil. Çünki ara-sıra biz də çıxırıq, amma nə dəyişir ki? Bu dövrdə daha çox sosial şəbəkələr təbliğat maşını rolunu oynayır. Orada məşhur olmaq o qədər asanlaşıb ki, heç insanlar efirə çıxmağa maraq da göstərmirlər. İndi sanki zövqlər bir qədər korlanıb. Bu nə ilə əlaqədardır, onu da bilmirəm. Mən efirə çıxsam da, çıxmasam da, onlar var. Eyni verilişə bu gün mən gedirəm, çalırıq-oxuyuruq, əsl musiqimizi təqdim edirik, ertəsi gün dediyiniz bayağı müğənnilərdən biri çıxır, eyni münasibət ona da göstərilir. Onda nə fərqi oldu? O fərq bilinmir. Bu cür münasibət də bizi efirlərdən uzaq salır.

Təbii ki, mən özümü kimdənsə üstün tutmuram, tutmaram da. Amma xalqa keyfiyyətli, zövqlü musiqini təbliğ etmək lazımdır. Bu, təkcə mənim, digər sənət dostlarımın işi deyil. Bu prosesdə hamılıqla iştirak etməliyik. Yəni bunu da təkcə efirlərin boynuna yıxmaq olmaz. Onun da payı var, amma indiki dövrdə sosial şəbəkənin payı daha çoxdur.

- Artıq uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğulsunuz, həmçinin, universitetdə rəhbər vəzifə də tutursunuz. Bu işləriniz yaradıcılığınıza mane olmur ki?

- Əlbəttə, bunların təsiri heç də az deyil. Əvvəl bütün gücümü və vaxtımı yaradıcılığa sərf edirdimsə, indi onun yarısı pedaqoji fəaliyyətə gedir. Artıq 30 ilə yaxındır ki, pedaqoji fəaliyyətlə məşğulam. Rəhbər vəzifə isə, əlbəttə, vaxtımı alır, bir az yaradıcılığıma təsir edir. Amma bütün hallarda mən yaradıcılığım üçün mütləq vaxt tapıram. Çünki bütün ömrüm boyunca yaradıcılıqla məşğul olmuşam, oluram da. Yeni layihələr üzərində işləməyi, çox oxunmayan muğamlarımıza müraciət etməyi, çoxdan unudulmuş mahnıları üzə çıxarıb öz dəst-xəttimizlə ifa etməyi sevirəm. "Xarı bülbül" muğam qrupu ilə birgə, özülü saxlamaq şərti ilə, mahnılara fərdi yanaşma əlavə etməyi xoşlayıram.

- Muğam sənəti ənənələrə sadiqliyi sevir, yoxsa yeniliklərə də açıq bir sənətdir?

- Muğamatda ənənələrə sadiqlik çox vacibdir, amma yeniliyə də açıq olmalısan. Bəlkə də bəzi insanlar yeniliyi fərqli tərzdə anlayırlar. Amma əslində elə deyil, yeniliyi edəndə də ənənəyə söykənməlisən. Bir binanın özülü necə möhkəm olarsa, onun üzərində ucaltdığın bəzəklər də ona yaraşacaq. Ənənə də muğamın özülüdür. O özülü qoruyub-saxlaya bilsən, yeniliklər də insanlara xoş gələcək. Yeniliklərin gözəl təqdimatı həm də muğamımızın, ənənələrimizin təbliğatıdır. Mən yeniliklərə daim açıq olmuşam. Ənənələrə söykənərək yeniliklər etmişəm, muğamla cazın, muğamla rokun sintezlərini etmişəm və yaxşı da qarşılanıb.

- Bəs nə zamansa bu yeniliklərə görə tənqid olunduğunuz, sərt reaksiyalarla qarşılaşdığınız olubmu?

- Yox. Bəlkə də bu, mənim xoşbəxtliyimdir ki, belə bir halla qarşılaşmamışam. Bilirsiniz, gərək xanəndə elə musiqiçilərlə iş birliyi qursun ki, onlar da gözəl ifaçılar, peşəkar musiqiçilər olsun. Belə olan halda, gördüyünüz iş mükəmməl olur. Ona görə də daim mənim yanımda peşəkar musiqiçilər olub. Hazırda "Xarıbülbül" muğam qrupunda tarzən Əliağa Sədiyev, nəfəs alətləri ifaçısı Şirzad Fətəliyev, nağara ifaçısı Kamran Kərimov, kamança ifaçısı Toğrul Əsədullayevlə birgə fəaliyyət göstəririk ki, onların hər biri dövlətimiz tərəfindən Əməkdar artist fəxri adına layiq görülüblər. Həm gözəl ifaçıdırlar, həm də dəyərli fikirləri, təklifləri var. Onun sayəsində təqdim etdiyimiz hər bir iş maraqla qarşılanır.

- Muğam ifaçılığı "ustad-şəyird" münasibətlərinə söykənən bir sənətdir. İstərdim, ustadlarınızdan danışaq...

- Bildiyiniz kimi, mənim ustadım Əməkdar müəllim, Ustadlar ustadı Nəriman Əliyev olub. Mən muğamatın sirlərini ondan öyrənmişəm. O, mənim üçün əvəzedilməz ustad olub. Seyid Şuşinskini görməmişəm, amma Nəriman müəllim onun şəyirdi olub. Təbii ki, Seyid bir başqa pedaqoq olub, Nəriman müəllim də onun əlindən su içib. Mənim üçün pedaqoq kimi Nəriman müəllim ən yüksək zirvədədir və düşünürəm ki, həmişə elə qalacaq. Onun yetişdirdiyi muğam ifaçıları böyük bir ordudur, əksəriyyəti də dövlətimiz tərəfindən fəxri adlarla təltif edilib. Ondan başqa, təbii ki, bəhrələndiyim ustadlarım olub. Çalışmışam ki, hər kəsə qulaq asım və hamıdan kiçik də olsa, nəsə götürüm. Ən çox bəhrələndiyim xanəndə isə Ağaxan Abdullayev olub. Allah dünyasını dəyişən ustadlarımıza rəhmət eləsin, qalanlara cansağlığı arzu edirəm.

- Nəriman müəllimdən öyrəndiyiniz və heç zaman unutmadığınız, bu gün də tələbələrinizə aşıladığınız əsas prinsip hansıdır?

- Ən əsası odur ki, muğamı ondan öyrəndiyim kimi, olduğutək mən də tələbəyə öyrədirəm. Yəni ənənəni bütün dəqiqliyi ilə yeni nəsilə ötürməyə çalışıram. Çünki bu gün tələbə bunu öyrənməsə, sabah çaşbaş qalacaq. 

- Sizcə, gələcəkdə sizin tələbələriniz sizi necə bir ustad kimi xatırlayacaqlar?

- Nəriman müəllim bizə muğamları öyrətməklə yanaşı, həm də bir ata qayğısı ilə yanaşardı. Mən də çalışıram ki, tələbələrimə qarşı məhz o cür olum. Əgər gələcəkdə tələbələrim də məni bu cür xatırlayarlarsa, bu, mənim xoşbəxtliyim olar. Hər halda, yaxşı ustad kimi xatırlanacağıma ümid edirəm (gülür).

- Müşahidələrimə əsasən, hərdən düşünürəm ki, sanki muğamımız beynəlxalq arenada ölkəmizdəkinə nisbətən daha çox maraq görür. Siz necə düşünürsünüz bu haqda?

- Mən də xarici səfərlərim zamanı beynəlxalq arenada muğama daha çox maraq hiss etmişəm. Bu o demək deyil ki, burada elə bir maraq yoxdur. Xalqımızın içərisində elə insanlar var ki, musiqi təhsili olmasa da, muğamı xırdalıqlarına qədər tanıyırlar, bilirlər. Amma deyim ki, xarici ölkələrin vətəndaşlarında bu marağı, hətta bu biliyi görəndə təəccüblənirsən, bəs o hardan bilir, necə öyrənib? Sonra düşünürəm ki, bəlkə də bu elə muğamın gücüdür. Çünki muğam çox güclü və dərin janrdır. Mən xarici ölkələrdə insanların muğama ağladıqlarını, ya da gözlərini yumub onu diqqətlə dinlədiklərini dəfələrlə görmüşəm. Muğamı şöbə-şöbə, guşə-guşə öyrənən xaricilər tanımışam.

- Sizcə, musiqinin vətəni, məkanı, zamanı varmı?

- Musiqinin vətəni var, amma dili yoxdur. Əgər xarici vətəndaş muğamı o dərəcədə dinləyib duya bilirsə, deməli, musiqinin dili yoxdur. O, mənim oxuduğum qəzəli anlamır ki, musiqini anlayır. Bir dəfə xarici ölkədə qastrol zamanı bir dinləyicidən soruşdum ki, biz oxuyanda siz nə hiss edirdiniz? Dedi ki, gözümü yumdum və elə bildim ki, cənnətdəyəm, bu musiqini də cənnətdə eşidirəm. Yaxud başqa bir əhvalat da danışım. Təxminən 25 il öncə bir məclisdə idim, orada müxtəlif janrların ifaçıları var idi. Bir gürcü tamaşaçı mənə yaxınlaşdı ki, digərləri oxuyanda mən məclisdən durub qaçıram, amma siz oxuyanda gəlib sizi zövqlə dinləyirəm. Sizin oxuduğunuz nədir? Mən də ona muğam haqqında məlumat verdim. Dedi ki, muğamı ilk dəfədir eşidirəm, nə olduğunu da bilmirəm, bircə onu bilirəm ki, siz ifa etdikcə mən haldan hala düşürəm, gah sevinirəm, gah qəmlənirəm. Bütün bunlar muğamın gücüdür. Amma əsas məsələ odur ki, onu yaxşı şəkildə təqdim edə biləsən.

- Hansı ifanızı şah əsəriniz hesab edirsiniz? Dinləyiciləriniz və həmkarlarınız daha çox hansı ifanızı bəyəndiklərini deyiblər?

- Mənim şah əsərim musiqi deyil. Məncə, insanın şah əsəri ailəsi və övladlarıdır. Musiqiyə qalanda isə ifalarımın hamısını sevirəm. Amma mənə həmişə deyirlər ki, sənin "Bayatı-Şiraz"ın daha çox xoşumuza gəlir.

- Zaman keçdikcə tələbələrdə hansı fərqlər hiss edirsiniz? Əvvəlki tələbələrlə indikilər arasında nə kimi fərqlər var?

- İldən-ilə çox fərqlər hiss olunur. Hərdən düşünürəm ki, sanki 30 il öncə şəraitin daha məhdud zamanında bizim nəslin öyrənməyə daha çox marağı var idi. İndi isə bu qədər geniş şəraitin, əlçatanlığın içərisində tələbələr öyrənmək istəmirlər. Sanki o eşq azalıb gənclərdə. Amma bunu hamısına da aid edə bilmərəm. Tələbələrim arasında çox istedadlı, öyrənməyə həvəsli tələbələrim də var. Onların varlığı bizi sevindirir, öyrətməyə həvəsləndirir.

- Aktyorluqda müəllimlər öz tələbələrinə ilk kurslarda filmlərə çəkilməyi məsləhət bilmirlər, hətta qadağa da qoyurlar. Bəs sizin tələbələriniz toylara getmək istərkən hansısa qadağalarınız, yaxud tövsiyələriniz olurmu?

- Mən heç kimə qadağa qoymuram, amma tövsiyə edirəm ki, toya gedirsinizsə, öyrənin, müəyyən baza yığıb gedin. Çünki toy da bir səhnədir və orada nə ilə, kimlə qarşılaşacağını bilmirsən. Elə olsun ki, səndən istənəni ifa edə biləsən, hazırlıqlı olasan. Məclislər ifaçını sərbəstləşdirir, təcrübə qazandırır. Konsertin öz təcrübəsi var, məclisin öz təcrübəsi. İfaçı onu da öyrənməlidir. Bir tövsiyəm də odur ki, gedəndə səviyyəli məclislərə getsinlər.

- Bəs siz özünüz necə, gedirsinizmi toylara? Muğama tələbat varmı məclislərdə?

- Əvvəllər daha çox idi, indi nisbətən az olsa da, var. Mən də gedirəm, əlbəttə. Hər məclisə olmasa da, seçdiyim, ürəyimə yatan məclislərə gedirəm. Xüsusən, Bakı kəndlərində muğamata o marağı görürük hələ də. Bəzi kəndlər var ki, orada tar-kamançasız məclis olmaz. Bu marağı çoxaltmaq üçün də düzgün təbliğat lazımdır.

Şahanə MÜŞFİQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
525.az

1Mənbələr