Qriqorian təqvimi istifadə edən xristianlar Pasxa bayramını qeyd edirlər. Yaz fəslinin gəlişi ilə havaların isinməsi hər il müşahidə olunan təbii proses olsa da, cəmiyyətdə tez-tez bunun hansısa bayramlarla əlaqələndirilməsinə dair fikirlər səsləndirilir. Pasxa bayramından sonra havanın mütləq düzələcəyi də bu növ inanclar içərisində yer alır. Bəziləri bunu sadəcə təsadüf hesab etsə də, digərləri illərdir, təkrarlanan bu uyğunluğu müəyyən qanunauyğunluq kimi qəbul edir. Hava şəraitinin pis və ya yaxşı keçməsinin dini bayramlarla əlaqəsinin olub-olmaması isə müzakirə mövzusudur.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ekoloq Ənvər Əliyev bildirib ki, xristianların vətənində müəyyən zamandan sonra havalar dəyişilir. Onun sözlərinə görə, Azərbaycan bunu Novruz bayramı ilə əlaqələndirib “Mart çıxdı, dərd çıxdı” deyilsə də, bunların reallıqla əlaqəsi yoxdur: “Oralarda havalar bir az yumşalır, ona görə də belə ifadələrdən istifadə edilir. Xalq deyimlərinin bəzilərində faktlar var, təsdiqlənib. Yəni nə zamansa, bu, təsdiqini tapsa belə, şimalda, əsasən də xristian, Azərbaycandan şimalda olan ölkələrdə təsdiqlənə bilər. Ölkəmizdə isə havalarla bağlı problemimiz yoxdur. Bu kimi inanclar lokal ərazilər üçün nəzərdə tutulur, inanılır və reallığı əks etdirmir. Rusiyada havalarda dəyişiklik olur, qarlar əriməyə başlayır və insanlar da bayramla əlaqələndirirlər və bunu qeyd edirlər. Bizim ərazimizdə isə belə deyil. Əvvəllər rayonlarımızda belə inanclar yox idi, son dövrlərdə geniş yayıldı. Paytaxtda gəlmə əhalinin toplaşmasından sonra bu cür inanclar, adətlər artdı və öz təsirini göstərdi. Çünki qədimdən gəlmə xalq daha çoxluq təşkil edib. Cavanların əksəriyyəti Pasxa nədir, bilmir. Öz xalqımızın Novruz bayramı qurtaran kimi şəhər yaşıllaşmağa, təbiət oyanmağa başlayır”.
İlahiyyatçı Əkrəm Həsənovun sözlərinə görə,bəzi insanlar da iddia edirlər ki, həmişə Qurban bayramında yağış yağır, amma bu, həmişə baş vermir: “Hər kəs öz dininə uyğun formada havanın necə olmasını müəyyənləşdirir. Məsələn, şiələr Aşura günündə yağış yağanda belə iddia edirlər ki, guya həmin gün yerlər və göylər İmam Hüseynə ağlayır. Əslində bu özü də doğru olmayan yanaşmadır. Havaların mülayimləşməsi, yağışın yağması və dayanması isə heç Pasxa bayramı ilə də əlaqədar deyil. Sadəcə, xristianlardan bəziləri öz inanclarına görə digər insanlara bunu aşılamağa çalışırlar. Tarix boyu insanlar təbiətdə baş verən dəyişikliklərlə dini günlər arasında əlaqə qurmağa çalışıblar. Bu, bir tərəfdən insanın mənaya ehtiyacından gəlir, digər tərəfdən isə müşahidənin bəzən yanlış ümumiləşdirilməsindən irəli gəlir. Bildiyimiz kimi, Pasxa bayramı İsa Məsihin dirilməsi ilə əlaqələndirilir. Tarixi baxımdan da bu bayram yaz mövsümünə düşür. Yaz isə təbiətin oyanma dövrüdür. Havanın isinməsi, yaşıllığın artması, günəşli günlərin çoxalması artıq kainatın fiziki qanunları ilə bağlı bir prosesdir. Bu baxımdan insanlar təbii olaraq yazın gəlişini Pasxa ilə eyniləşdiriblər. Amma bu, səbəb-nəticə əlaqəsi deyil, zaman uyğunluğudur”.
Ə.Həsənov vurğulayıb ki, hava dəyişiklikləri ilahi hikmətlə yaradılmış qanunauyğunluqlar çərçivəsində baş verir, konkret dini günlərə görə dəyişmir: “İslam dini baxımından məsələyə yanaşanda “Qurani-Kərim” bizə açıq bir prinsip verir. Allah buyurur ki, günəş və ay müəyyən ölçü ilə hərəkət edir və hər şey müəyyən qanunla tənzimlənir. Bu, təbiət qanunları dediyimiz sistemdir. Yəni Quranda deyilir ki, sən Allahın yaratmasında dəyişiklik tapa bilməzsən. Bu, sabit qanunların mövcudluğunu göstərir. Peyğəmbərimiz Məhəmməd peyğəmbər (s.ə.s) dövründə də insanlar bəzi təbiət hadisələrini xüsusi şəxslərlə əlaqələndirirdilər. Məsələn, Günəş tutulanda bəzi səhabələr bunu bir şəxsin ölümü ilə bağladılar. Peyğəmbər isə açıq şəkildə buyurdu ki, Günəş və Ay heç kimin ölümü və ya həyatı üçün tutulmaz, bunlar Allahın ayələridir. Bu hədis çox mühüm prinsip qoyur. Təbiət hadisələrini dini və ya şəxsi hadisələrlə səbəb kimi bağlamaq doğru deyil. Elmi baxımdan isə məsələ daha da aydın olur. Meteorologiya göstərir ki, havanın dəyişməsi Yer kürəsinin oxunun meyilliliyi, Günəş ətrafında hərəkəti, atmosfer prosesləri və okean axınları ilə bağlıdır. Yazın ortalarına doğru temperaturun artması normal fiziki prosesdir. Pasxa isə hər il sabit tarixdə deyil, yazın müəyyən dövrünə uyğun hesablanır. Yəni əslində bayram yazın içində yerləşir, yaz bayramın içində yox. Bu məsələnin psixoloji tərəfi də var. İnsan beyni təsadüfləri çox vaxt qanun kimi qəbul etməyə meyilli olur. Əgər bir neçə il ardıcıl olaraq Pasxadan sonra hava isinibsə, yaddaş bunu ümumi qayda kimi saxlayır. Sonra başqalarına bu məlumatı verir və özünü aldatdığı kimi digərlərini də aldadır. Halbuki eyni dövrdə hava soyuq keçən illər də olub, sadəcə, onlar yadda qalmır. Bu, elmdə selektiv yaddaş məsələsi hesab olunur. Digər dinlərdə və xalqların ənənələrində də buna bənzər yanaşmalar var. Məsələn, bir çox qədim inanclarda yazın gəlişi müqəddəs günlərlə bağlanırdı. Novruz bayramı da yazın başlanğıcı ilə üst-üstə düşür və insanlar bunu təbiətin oyanışı kimi qəbul edir. Amma heç kim demir ki, Novruz gəldi deyə hava isinməyə başladı. Əksinə, günəşin mövqeyi dəyişdiyi üçün Novruz həmin vaxta salınıb. Pasxadan sonra havanın düzəlməsi bir qayda deyil, çox vaxt mövsümi uyğunluqdur. Dinin təbiətə təsiri bu mənada birbaşa fiziki dəyişiklik yaratmaq şəklində deyil. Din insana mənəvi istiqamət verir, təbiət isə Allahın qoyduğu qanunlarla idarə olunur. Bu qanunları anlamaq insanı həm elmi düşüncəyə, həm də daha dərin iman anlayışına aparır. İnsan üçün ən sağlam yanaşma budur ki, nə hər şeyi təsadüfə bağlasın, nə də hər təsadüfü ilahi müdaxilə kimi yorumlasın. Ölçü belə olmalıdır ki, Allah kainatı nizamsız yox, qanunlu yaradıb. O qanunları anlamaq isə həm elmdir, həm də bir növ ibadətdir”.
Şəhanə Quliyeva