AZ

Başı qabda qalan uşağın möcüzəvi qurtuluşu-həkim və santexnik işbirliyi

Hindistanda 3 yaşlı uşağın başına gələn qeyri-adi hadisə dünya mediasının gündəminə düşüb.

Musavat.com xəbər verir ki, oyun zamanı alüminium qazanı başına "tac" kimi qoyan balaca uşağın başı qabda sıxılıb qalıb.

Ailə uşağı dərhal bir neçə xəstəxanaya aparsa da, həkimlərin çoxu uşağa zərər verə biləcəklərindən qorxaraq müdaxilə etməkdən imtina ediblər. Nəhayət, Dr. Minac Patel riskli əməliyyatı öz üzərinə götürüb və kömək üçün xəstəxananın santexniki Xalid Şeyxi çağırıb.

Santexnik elektrikli kəsici alətlə (bolqarka) alüminium qabı kəsməyə başlayıb. Uşağın dərisini qorumaq üçün qabla baş arasına taxta lövhə və nəm əski yerləşdirilib. Cəmi 12 dəqiqə davam edən titiz əməliyyatdan sonra qab kəsilərək uşağın başından çıxarılıb.

Həkimlər uşağın heç bir xəsarət almadığını və sağlamlığının yerində olduğunu bildiriblər. Valideynlər isə övladlarını xilas edən həkimə və santexnikə minnətdarlıqlarını bildiriblər.

Hadisədən sonra mütəxəssislər valideynlərə müraciət edərək, xüsusilə mətbəx əşyaları ilə oynayan uşaqları nəzarətsiz qoymamağı və bu növ qabların kiçik uşaqlar üçün ciddi təhlükə yarada biləcəyini xatırladıblər.

Bu qəribə xilasetmə əməliyyatının görüntüləri sosial şəbəkələrdə sürətlə yayılaraq milyonlarla insan tərəfindən izlənilib.



Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr