AZ

Güney Kore vətəndaşlara pulsuz kompüter paylamağa hazırlaşır

Güney Kore hökuməti kompüter və noutbuk qiymətlərində müşahidə olunan ciddi artım fonunda vətəndaşların sosial müdafiəsini gücləndirmək üçün yeni dəstək tədbirləri hazırlayır.

Editor.az PC Gamer-ə istinadən xəbər verir ki, əsas addımlardan biri aztəminatlı tələbələrə yönəlmiş yardım proqramlarının genişləndirilməsidir. Bu çərçivədə hökumət həmin kateqoriyadan olan şəxslərə pulsuz kompüter və noutbuk təqdim etməyi planlaşdırır.

Qeyd olunur ki, bu qərarın qəbul edilməsinə səbəb kompüter texnikasının qiymətlərində kəskin artımın qeydə alınmasıdır. Rəsmi statistikaya görə, ölkədə fərdi kompüterlər üzrə istehlak qiymətləri indeksi 2025-ci ilin oktyabr ayında 4,3 faiz olduğu halda, 2026-cı ilin martında 12,4 faizə yüksəlib. Bu dinamika xüsusilə həssas sosial qruplar arasında rəqəmsal bərabərsizliyin daha da dərinləşməsi riskini artırır.

Bununla yanaşı, hökumət operativ yaddaş (RAM), fərdi kompüter və noutbuk bazarlarında nəzarəti gücləndirməyi, eyni zamanda texnoloji avadanlıqların təkrar emalı proqramlarını genişləndirməyi nəzərdə tutur. Məlumatlara görə, hər il təxminən 80 min dövlət kompüteri istismar müddətini başa vurur və onlardan təxminən 22 mini təkrar emala göndərilir. Lakin bu cihazların bir hissəsi minimal tələblər üçün yenidən istifadəyə yararlı vəziyyətə gətirilə bilər.

Eyni zamanda, ölkədə fəaliyyət göstərən üç əsas mobil operatorun tarif planlarına yenidən baxılması planlaşdırılır. Məqsəd istifadəçilərin internet paketləri tükəndikdən sonra belə minimum səviyyədə internetə çıxış imkanını qorumaqdır. Bu tədbirin, əsasən 65 yaşdan yuxarı vətəndaşlar olmaqla, ümumilikdə 7,17 milyon nəfərə təsir edəcəyi gözlənilir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
38
editor.az

1Mənbələr