AZ

Sitalçaydakı acınacaqlı vəziyyətin səbəbi: “Beton yolu çəkəndə sel suyunu ötürən tuneli bağladılar, amma...”

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Martın sonu və aprelin əvvəlində yağan yağışların ən çox ziyan vurduğu ərazilərdən biri də Xızı rayonunun Sitalçay kəndi olub. Burada yerləşən evlər, həmçinin iri təsərrüfatlar su altında qalıb.

Bizimyol.info xəbər verir ki, Sitalçay sakinləri günlərdir ağır vəziyyətdə olmalarına baxmayaraq, dövlət strukturlarının onların durumu ilə maraqlanmamasından narazıdır. Sakinlar toplaşaraq, vətəndaşların problemlərinə məmurların laqeyd yanaşmasına etirazlarını ifadə ediblər.

Onlar bildirib ki, aprelin 4-5-də yağan yağışlardan sonra indiyə qədər evləri su altındadır. Bir çoxları qohum-əqrəba evinə getmək məcburiyyətində qalıb.

Sakinlər hesab edir ki, Sitalçayda yağışların fəsadlarının yaranmasında məmurların səhlənkarlığının da rolu rolu az deyil.

Fərhad adlı qəsəbə sakini Bizimyol.info xəbər portalına bildirib ki, köhnə Samur-Abşeron kanalı Sitalçaya qədər gəlirdi, burada isə su öz axarı ilə ərazini keçə bilmədiyindən iri nasosxana qurulmuşdu. Yəni suyun ötürülməsi o nasosxana vasitəsilə həyata keçirilirdi. Taxtakörpü-Ceyranbatan su kanalı inşa ediləndən sonra Samur-Abşeron kanalının fəaliyyəti dayandırıldı. O vaxtdan Sitalçaydakı nasosxana da işləmir: “Əvvəllər bəzən Samur-Abşeron kanalında su çox olanda, ya da kanalda kanalda təmir gedəndə suyun dənizə axması üçün quraşdırılmış qapaqlarını açırdılar, su dənizə gedirdi. Qoymurdular ki, kanalda su daşıb əraziyə ziyan versin. Uzun müddətdir baxımsızlığa görə qapaqların üstü torpaqla örtülüb. Nəticədə indi nə nasosxana işləyir, nə də kanalın qapaqları. Ona görə qəsəbədə su olanda da axıb dənizə tərəf gedə bilmir. Nəticədə kəndi su basır. Təkcə bu mart-aprel yağışları deyil. Son illərdə dəfələrlə buna oxşar hadisələr olub. Son hadisələr isə lap ağır oldu”.

O, əlavə edib ki, 2008-2009-cu illərdə Bakıdan şimal istiqamətində gediş-gəliş üçün beton yol inşa olunarkən əvvəlki yolun altında olan, sel sularını ötürmək üçün tuneli bağlayıblar, yenisini də qoymayıblar: “Yağış yağan kimi yolun bir tərəfində - Bakıya qayıdan istiqamətdə gölməçə yaranır”.

Fövqəladə Hallar Nazirliyi də Sitalçay kəndində təxliyyə işlərinin aparılması haqda məlumat açıqlayıb.

Xızı Rayon İcra Hakimiyyəti də aprelin 9-da Sitalçay sakinlərinin vəziyyəti ilə bağlı məlumatlara münasibət bildirib. İcra hakimiyyətinin rəsmi açıqlamasında deyilir ki, son günlər yağan intensiv yağışlar nəticəsində Xızı rayonunun Sitalçay kəndində yaşayış evlərini su basıb. Yaranmış vəziyyətin aradan qaldırılması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Xızı Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən operativ tədbirlər həyata keçirilir: “Hazırda xüsusi texnika və motorlar vasitəsilə evlərə dolmuş suların çəkilməsi işləri aparılır, əraziyə cəlb olunan qüvvələr fasiləsiz iş rejimində subasmanın fəsadlarının aradan qaldırılmasına çalışırlar. Eyni zamanda, zərərçəkmiş sakinlərin müvəqqəti yerləşdirilməsi üçün ərazidə çadırlar qurulub, onların ilkin ehtiyaclarının qarşılanması istiqamətində zəruri addımlar atılıb, vəziyyət nəzarətdə saxlanılır və subasmanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir”.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
bizimyol.info

1Mənbələr