Ötən ilin yayında Bakıda külli miqdarda qanunsuz narkotik dövriyyəsi ilə bağlı həbs edilən dəstə üzvləri – Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqlinin məhkəmə istintaqı başlayıb.
Publika.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Prosesdə müttəhimlərin hüquq və vəzifələri izah olunub, onlar qanunun tələbinə uyğun olaraq peşəkar vəkillər və tərcüməçilərlə təmin ediliblər. Hakim bildirib ki, məhkəmə istintaqı ibtidai istintaqa bağlı deyil və təqsirləndirilən şəxslər istənilən vaxt əlavə dəlil və sübutlarını təqdim edə bilərlər.
İclasın davamında prokuror ittiham aktını elan edib.
İttihamın qısa məzmunu ondan ibarətdir ki, təqsirləndirilən şəxslər cinayətkar dəstə halında birləşərək xüsusilə külli miqdarda qanunsuz narkotik dövriyyəsini təşkil edib, eyni zamanda kibercinayətkarlıq fəaliyyəti ilə məşğul olublar.