Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova parlamentin deputatlarını Antalyada baş tutan futbol oyununda qalib gəldikləri üçün təbrik etdi.
Redaktor.az-ın məlumatına görə, sədr bildirdi ki, iki platformanı özündə birləşdirən yeddi nəfərlik Milli Məclisin əməkdaşlarından ibarət komanda deputat korpusu tərkibində Türkiyədə - Antalyada iştirak etdi və orada da çox yüksək bir yer tutub.
S.Qafarova bu haqda danışmaq üçün sözü deputat Fazil Mustafaya verdi:
“Çox təşəkkür edirəm, hörmətli xanım Sədr. Əlbəttə, ölkə prezidentinin artıq aforizmə çevrilən bir sözü var: deyir ki, bizim bir ailəmiz var, o da türk dünyasıdır. Yəni Vaşinqtondan Moskvaya qədər dostlarımız, tərəfdaşlarımız, hər cür əlaqələrimiz var, amma ailə modelini biz türk dünyası üzərindən görürük. Ona görə də türk dünyasına aid olan bütün tədbirlərdə iştirak etmək Azərbaycan üçün həqiqətən də önəmli bir addımdır. Necə ki, bu günlərdə, hörmətli xanım Sədr, sizin də dəstəyinizlə TürkPA-ya daxil olan İqtisadiyyat Komissiyasının 13-cü iclası yüksək səviyyədə Azərbaycan parlamentində keçirildi.
Amma əməkdaşlıq təkcə iqtisadiyyatda, hərbdə, siyasətdə, mədəniyyətdə olmur, həm də idman və başqa sahələrdə də həyata keçirilir. Bu günlərdə Antalyada Türkiyə Böyük Millət Məclisinin təşəbbüsü ilə türk dilli dövlətlərin iştirakı ilə altı komandanın cəlb olunduğu beynəlxalq futbol turniri keçirildi. Əvvəllər bu turnirlər Avropa ölkələri ilə parlamentlərarası şəkildə keçirilirdi, bu da ilk dəfə idi ki, TürkPA-ya daxil olan ölkələrin parlamentlərinin təmsilçiləri burada iştirak etdilər.
Azərbaycan parlamentində, hörmətli xanım Sədr, sizin göstərdiyiniz hərtərəfli dəstək və stimul nəticəsində yaxşı bir komanda formalaşdırıldı: həm Milli Məclisin millət vəkillərindən ibarət, həm də bizim aparatın əməkdaşları tərəfindən. Burada qeyd edim ki, Azərbaycan komandası finala çıxdı. Finalda Türkiyə ilə qarşılaşdı. Bir şeyi də diqqətinizə çatdırım ki, Türkiyə komandasının tərkibində iki nəfər peşəkar futbol mütəxəssisi millət vəkili olaraq orada yer alırdı.
Amma bütün bunlarda əsas qalib gəlməkdən daha çox bu tədbirdə iştirak etmək idi. Quzey Kıbrıs Türk Cümhuriyyətinin də orada iştirakı nəzərdə tutulurdu və orada çox faydalı oldu, həm də burada çox yaxşı dostluq, əməkdaşlıq münasibətlərinin qurulması baş tutdu. Bu tədbirdə iştirak edən bütün millət vəkillərimizə, həm də aparatın əməkdaşlarına öz təşəkkürümü bildirirəm. Bu turnirdə böyük fədakarlıq göstərən, mən çox təəssüf edirəm ki, bizim deputat həmkarımız hörmətli Kamal Cəfərov da oyunların birində - sonuncu oyunda zədələndi. Ona da Allahdan şəfa diləyirəm. Hesab edirəm ki, bu cür tədbirlərdə iştirakımız həm də Azərbaycan parlamentinin rəhbərliyinin bu cür tədbirlərə nə qədər həssas yanaşdığının göstəricisidir".
NURİYYƏ