Mən bir neçə dəfə bu mövzuda yazmışam. Vəziyyət elə gətirir ki, bəzən təkrarçılıq etməyə məcbur olursan. Buna görə də diqqətli oxucularım məni təkrarçılıqda qınamasınlar. Başlayım ondan ki, mənim şəxsən Ehtiram Quliyevə böyük hörmətim var. “Turan Tovuz”un İdarə Heyətinin sədrinin adını ilk dəfə 44 günlük Vətən müharibəsi zamanı eşitmişdim. Sosial şəbəkələrdən məlumat alırdım ki, igid əsgərlərimizə sözün bütün mənalarında dəstək verir, şəxsən özü daim cəbhə xəttində onların problemlərinin həlli üçün maddi və mənəvi köməyini əsirgəmir. Buna görə də hamı kimi mən də Ehtiram bəyə böyük hörmət bəsləmişəm.
Sonra onu daha yaxından tanımaq, izləmək imkanı qazandıq. Bu da səbəbsiz deyildi. Quliyev Azərbaycan futbol ailəsinə daxil oldu. Onun illərdi maliyyə sıxıntısından əziyyət çəkən “Turan Tovuz”a sponsorluq etmək üçün sinəsini irəli verməsi bütün ölkə futbolu üçün ciddi hadisə idi. Sonrasını hamımız bilirik. “Turan Tovuz”un imkanları müsbətə doğru xeyli dəyişib, komandaya Rusiyadan tanınmış mütəxəssis Kurban Berdıyev dəvət olunub. Legionerlərin sayı xeyli artıb və qərb təmsilçisi mükafatçılar sırasına düşməyə real namizəd sayılır. Ehtiram bəyin dəstəyi sayəsində klub uğurlu gələcəyə hesablanan planlar qurub. “Turan Tovuz”un həm doğma rayonda, həm də papytaxt Bakı yaxınlığında yaxşı bazası var. Tovuz şəhər stadionunun ot örtüyü dəyişdirilib, süni qazon təbii örtüklə əvəzlənib.
Təəssüf ki, ot örtüyü tam bərkiməmiş onun üzərində oyun keçirilməsi qərara alındı. Bu da yeni qazonun sürətlə sıradan çıxmasıyla nəticələndi. Həmin tələskənliyin fəsadları xeyli ağır oldu. Adlı-sanlı, iddialı komanda bu gün didərgin həyatı yaşayır, ev oyunlarını gah Bakıda, gah da Sumqayıtda keçirir. Tovuzlu azarkeşlər də öz sevimli komandalarını görmək, ona tribunadan dəstək vermək imkanından məhrum olub. Sözsüz, bu məqamın özü “Turan Tovuz”un idarəçiliyində müəyyən nöqsanların olmasından xəbər verir. Elə problemlər də belə başlayır. Özü də həmin problemlərin miqyası təkcə ot örtüyünün tez-tələsik sıradan çıxarılmasıyla bitmir. “Turan Tovuz”un bəzi legionerlər ya zədəli transfer edilib, ya da fiziki baxımdan problem yaşayır. Fakt odu ki, onlar komandaya lazımınca kömək edə bilmirlər. Elə baş məşqçi Berdıyevin sevimli praqmatik futbol sevgisi də tez-tez tənqid olunur, azarkeşlər sərgilənən oyundan məmnun qalmırlar.
Belə oyun üslubu heç də həmişə uğur gətirmir. Necə ki, premyer-liqanın son turunda “Turan Tovuz” “İmişli”yə bata bilmədi, vacib iki xal itirdi. Yaxşı ki, eyni gündə “Zirə” də qələbə qazana bilmədi və bu iki komanda arasındakı xal fərqi qorundu. Bütün bu məqamlar “Turan Tovuz”un həm meydanda, həm də ondan kənarda müəyyən problemlər yaşamasının göstəricisidi. Çəkilən xərcin, yaradılan şəraitin qarşısında “Turan Tovuz” hazırda liderdən 16, ehtiyatda bir oyunu olan “Qarabağ”dan isə 6 xal geridə qalır. Deməli, daha iddialı olmaq, çempionluq mübarizəsində boy göstərmək üçün görüləsi iş çoxdu. Bütün bunları Ehtiram bəy və onun ətrafındakılar nəzərə almalıdılar.
Bəs onlar neynəyirlər? Yeri gəldi-gəlmədi hakimlərin ünvanına sərt açıqlamalar verir, AFFA ilə münaqişə yaradırlar. Ötən ilin qışında hava şəraiti VAR texnologiyasının Şamaxıya gedib çatmasını əngəlləmişdi. “Turan Tovuz” rəhbərliyi həmin vaxt stəkanda fırtına qopardı, az qalmışdılar ki, meydana çıxmaqdan imtina etsinlər. AFFA kluba barmaq silkələdi, cəza kəsdi. Təəssüf ki, “Turan Tovuz” rəhbərliyi bundan nəticə çıxara bilmədi. “Zirə” ilə oyundan sonra yaşanan emosional davranış bunun sübutudu. Hamı bilir ki, AFFA onunla təzyiq dilində danışanları sevmir. İllərboyu bunun nümunələrini çox görmüşük. Deməli, bir qədər səbirli olmaqda, siyasət işlətməkdə fayda var. Əzələ nümayişi, emosional bəyanatlar onsuz da nəticə verməyəcək.
Son hadisələrdən sonra AFFA “Turan Tovuz”u ümumilikdə 20 min manat cərimələyib. Bəlkə də Ehtiram bəy üçün elə də böyük pul deyil və dediklərinə görə heç təəssüflənmir də. Amma nə üçün belə şeylərə görə klub (elə şəxsən Quliyev özü) zərərə düşməlidi? Axı həmin pulları daha faydalı işlər üçün xərcləmək mümkündü. Bir də ki, güc sahibi AFFA-nı daha çox qəzəbləndirmək kluba da fayda verməyəcək. Ümid edirəm ki, Ehtiram bəy bundan sonra daha səbrli və tədbirli davranacaq.
AMAL
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta