AZ

Azərbaycanda işə qəbul qaydası dəyişir

Vətəndaşlar işə qəbul edilərkən dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilən tibbi yoxlama haqqında rəy təqdim etməli olacaqlar.

Bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər.

Qanun layihəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbi yoxlama) haqqında rəy təqdim etməli olacaqlar.

Yuxarıda nəzərdə tutulmuş arayış və rəy olmadan işçinin müvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağan ediləcək.

Həmçinin, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda da xitam veriləcək:

tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və ya belə peşə növləri və vəzifələr üzrə əmək münasibətləri dövründə tibbi müayinə (tibbi yoxlama) zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə;

işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində sağlamlıq haqqında tibbi arayışı olmayan şəxslə əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə, belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən hallarda.

Bununla yanaşı, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı işçilərlə əmək müqaviləsi bağlanılarkən onların ilkin tibbi müayinədən (tibbi yoxlamadan), sonralar isə vaxtaşırı, habelə əmək funksiyasını yerinə yetirməsi zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandığı halda əsaslandırılmaqla dərhal tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi işəgötürənin hesabına təmin edilməlidir.

Həmin şəxslər tibbi müayinədən (tibbi yoxlamadan) “Narkoloji xidmət və nəzarət haqqında” Qanuna uyğun olaraq keçəcəklər.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Seçilən
13
22
kommersant.az

10Mənbələr