ABŞ–İsrail və İran arasında gərginliyin artması və mümkün hərbi eskalasiya ehtimalı qlobal geosiyasi mənzərəni dəyişdirdiyi kimi, Cənubi Qafqaz üçün də yeni risk və imkanlar yaradır. Bu fonunda regionda strateji əhəmiyyət daşıyan nəqliyyat layihələrinin, xüsusilə də Zəngəzur dəhlizinin taleyi yenidən diqqət mərkəzinə çıxır.
Bəs artan geosiyasi gərginlik Zəngəzur dəhlizinin açılması prosesinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Zəngəzur dəhlizi yalnız regional deyil, həm də qlobal güclərin maraq dairəsində olan strateji layihədir.

“Təsadüfi deyil ki, ABŞ bu məsələyə xüsusi diqqət ayırır. Donald Tramp dövründə Vaşinqtonda keçirilən üçtərəfli görüş zamanı sülh müqaviləsinin paraflanması və dəhliz məsələsinin ön plana çıxarılması bu marağın açıq göstəricisidir. Layihənin “Trip” təşəbbüsü kimi təqdim olunması da ABŞ-ın bu istiqamətdə fəallığını göstərir”.
Politoloqun fikrincə, layihəyə maraq göstərən tərəflər yalnız ABŞ-la məhdudlaşmır.
“Avropa İttifaqı və Çin də Zəngəzur dəhlizinin açılmasında maraqlı tərəflər sırasındadır və bu istiqamətdə aktiv mövqe nümayiş etdirirlər. Hazırda Ermənistan daxilində parlament seçkiləri kampaniyasının getməsi prosesi müəyyən qədər ləngidə bilər. Seçkilərdən sonra Ermənistan ərazisinə düşən hissədə tikinti işlərinin tamamlanması və dəhlizin fəaliyyətə başlaması ehtimalı yüksəkdir. İran ətrafında baş verən hadisələr ümumi geosiyasi reallıqlara, xüsusilə də iqtisadi sahəyə mənfi təsir göstərsə də, bu amil Zəngəzur dəhlizinin açılmasına ciddi maneə yaratmayacaq.
Mümkün hərbi eskalasiya regionla yanaşı, qlobal miqyasda enerji bazarlarında dalğalanmalara, birjalarda qeyri-sabitliyə və iqtisadi böhran risklərinin artmasına səbəb olur”.
Politoloq vurğulayıb ki, bu cür proseslər Cənubi Qafqaz ölkələrinə də təsirsiz ötüşmür. Buna baxmayaraq, o, mövcud gərginliyin Zəngəzur dəhlizinin açılması prosesini dayandıracağı ehtimalını aşağı qiymətləndirir.
Aynurə İsmayıl
KONKRET.az