AZ

"Hərbi sursat anbarlarında baş verən partlayışlar da ciddi itkilərə səbəb olub" - Fazil Mustafadan TƏKLİF

"Qanun layihəsinin ən ədalətli tərəflərindən biri mina təmizləmə fəaliyyəti zamanı, eləcə də sursat partlayışları nəticəsində həyatını itirmiş və ya xəsarət almış şəxslərin ailələrinə münasibətdə qanunun geriyə qüvvəsinin tətbiq edilməsidir. Bu yanaşma sosial ədalətin təmin olunması baxımından doğru və vacib addım kimi qiymətləndirilə bilər".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsindən danışarkən bildirdi.

O hesab edir ki, bu məsələ yalnız mina təmizləmə fəaliyyəti ilə məhdudlaşdırılmamalıdır:

"Qeyd olunduğu kimi, partlayışlar təkcə mina hadisələri ilə bağlı deyil. Yaxın tariximizdə hərbi sursat anbarlarında baş verən partlayışlar da ciddi itkilərə səbəb olub. Bu baxımdan “partlayış” anlayışına daha geniş kontekstdə yanaşmaq zəruridir. Təklif edirəm ki, partlayıcı maddələrin zərərsizləşdirilməsi sahəsində ixtisaslaşmış şəxslərin fəaliyyəti də bu çərçivəyə daxil edilsin. Çünki Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyi kimi qurumlarda xidmət edən mütəxəssislər müxtəlif məkanlarda, o cümlədən şəhər mərkəzlərində baş verə biləcək partlayış təhlükələrinin qarşısını almaq üçün fəaliyyət göstərirlər. Bu fəaliyyət yalnız mina təmizləmə ilə məhdudlaşmır və daha geniş təhlükəsizlik missiyasını əhatə edir. Bu baxımdan, həmin sahədə çalışan peşəkarların da eyni hüquqi təminatlardan yararlanması, onların ailələrinə də müvafiq dəstək mexanizmlərinin şamil olunması daha ədalətli yanaşma olar. Bu məsələ baş vermiş hadisələr fonunda nəzərə alınmalı və qanunvericilikdə əksini tapmalıdır".

NURİYYƏ

Seçilən
15
1
redaktor.az

2Mənbələr