"Qanunvericilikdə “terror təşkilatı” anlayışının bəzi hallarda məhdud şərh olunması müəyyən problemlərin yaranmasına səbəb olur. Çünki praktikada terrorçuluq fəaliyyəti yalnız bu məqsədlə yaradılmış təşkilatlar tərəfindən deyil, eyni zamanda müxtəlif formalarda fəaliyyət göstərən qurumlar vasitəsilə də həyata keçirilə bilər. Mülki, ictimai, siyasi, elmi və ya digər istiqamətlərdə fəaliyyət göstərən bəzi təşkilatlar rəsmi funksiyalarından kənara çıxaraq terrorçuluq fəaliyyəti ilə məşğul ola, onu dəstəkləyə və ya maliyyələşdirə bilər".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Vasif Qafarov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsindən danışarkən bildirdi.
O hesab edir ki, qanunvericilik yalnız “terror təşkilatı” anlayışı ilə məhdudlaşmamalı, daha geniş və çevik yanaşma tətbiq olunmalıdır:
"Bu məqsədlə təklif edilən dəyişikliklərin daxili məzmununu məqsədəuyğun hesab edirəm. “Terror təşkilatı” dedikdə təkcə terror məqsədilə yaradılmış qurum deyil, eyni zamanda formal olaraq başqa fəaliyyət sahəsinə malik olsa da, terrorçuluq fəaliyyətini həyata keçirən, dəstəkləyən və ya maliyyələşdirən istənilən təşkilat nəzərdə tutulmalıdır. Bu yanaşma normanın tətbiq dairəsini genişləndirəcək və mövcud hüquqi boşluqların qarşısını alacaq. Eyni zamanda, qanunun tətbiqində vahidliyin təmin edilməsi üçün terror fəaliyyətində iştirak, dəstək və maliyyələşdirmə kimi anlayışlara ayrıca hüquqi izahların verilməsi məqsədəuyğun olar. Bununla yanaşı, süni intellektdən istifadə etməklə törədilən cinayətlərlə bağlı texniki ekspertiza mexanizmlərinin yaradılması və rəqəmsal platformaların məsuliyyət çərçivəsinin daha konkret müəyyənləşdirilməsi də zəruridir. Qanun layihəsini ümumilikdə müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu layihə terrorçuluğa qarşı mübarizənin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunan anlayışların dəqiqləşdirilməsi, xüsusilə “terror təşkilatı” anlayışının genişləndirilməsi və texnoloji çağırışların daha konkret tənzimlənməsi layihənin praktiki tətbiqinin effektivliyini daha da artıracaq. Eyni zamanda, bu yanaşma “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə uyğun daha mükəmməl normativ sənədin formalaşmasına xidmət edəcək".
NURİYYƏ