Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Hər şey növbəti oyundan asılı olacaq. Avrokuboka çıxmaq üçün hələ də şansımız var”.
Bunu “Araz-Naxçıvan”ın braziliyalı yarımmüdafiəçisi Felipe Santos futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– 27-ci turda sizi “Neftçi” ilə vacib oyun gözləyir. Hansı ki, rəqib keçən turdakı qələbə sayəsində “Araz-Naxçıvan”ı turnir cədvəlində qabaqladı. Matçdan gözləntiniz nədir?
– Fikrimcə, “Neftçi” ilə oyun çempionatın son turlarının necə keçəcəyini müəyyən edəcək. Qalib gəlməliyik. İndi kimlərin böyük oyunçu olduğunu göstərmək vaxtıdır. Bu matçı səbirsizliklə gözləyirəm.
– Hazırda altıncı pillədə qərarlaşan “Araz-Naxçıvan” avrokuboklara vəsiqə qazana biləcəkmi?
– Hər şey növbəti oyundan asılı olacaq. Avrokuboka çıxmaq üçün hələ də şansımız var. Ancaq “Neftçi” ilə görüşdə xal qazana bilməsək, rəqib fərqi artıracaq, nəticədə şanslarımız azalacaq.
– Bu mövsüm “Araz-Naxçıvan”ın performansında stabillik çatışmır. Bunun səbəbini nədə görürsünüz?
– Təəssüf ki, bu mövsüm planlaşdırdığımız kimi keçmədi. Məncə, Avropaya gedə biləcək heyətimiz var, amma çox şey baş verdi. Bununla belə, hələ də şansımız qalır.
– Artıq mövsümün sonu yaxınlaşır. Azərbaycanın və ya digər ölkələrin daha iddialı klublarından təkliflər gəlirmi?
– Hələ Azərbaycandan heç bir təklif almamışam. Buna baxmayaraq, diqqətim ilk növbədə Azərbaycandadır. Gələcəyimlə bağlı qərarı yaxın günlərdə verəcəyəm.
– “Araz-Naxçıvan” avrokuboklardan kənarda qalacağı halda, komandadan gedişiniz dəqiqləşəcək?
– “Araz-Naxçıvan”la müqaviləm iyun ayınadək qüvvədədir və indiyə qədər onun uzadılması ilə bağlı klub rəhbərliyindən heç bir təklif almamışam.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.