"Financial Times"ın yaydığı şok məlumata görə, 2026-cı ilin ilk üç ayında Avropa İttifaqı (Aİ) ölkələri Yaxın Şərqdəki müharibə və Hörmüz boğazındakı blokada səbəbindən Rusiyadan maye qaz idxalını kəskin artırıb.
Musavat.com xəbər verir ki, Qətər və digər ənənəvi təchizatçıların marşrutları bağlandığı üçün Avropa yenidən Kremlin "mavi yanacaq" ümidinə qalıb.
2026-cı ilin birinci rübündə Rusiyanın "Yamal SPG" zavodundan Avropaya 5 milyon ton maye qaz nəql edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.
2,88 milyard avroluq ödəniş: Ekoloji təşkilat "Urgewald"ın hesablamalarına görə, Aİ ölkələri bu qaz üçün Rusiyaya təxminən 2,88 milyard avro ödəyiblər. Bu vəsaitin Rusiyanın hərbi büdcəsinin maliyyələşdirilməsində mühüm rol oynadığı bildirilir.
97% asılılıq: Yamal zavodundan çıxan 71 qaz tankerindən 69-u birbaşa Avropa limanlarına (əsasən Belçika, Fransa və İspaniya) üzüb. Bu, Rusiya Arktika qazının demək olar ki, tamamilə Avropa bazarına yönəldiyini göstərir.
Qətər amili: Yaxın Şərqdə davam edən "Epik Qəzəb" əməliyyatı və İranla gərginlik səbəbindən Qətərdən gələn qazın yolu kəsilib. Bu boşluğu isə ən sürətli şəkildə Rusiya doldurub.
Aİ 2027-ci ilə qədər Rusiya qazından tam imtina etməyi planlaşdırsa da, mart ayında qeydə alınan rekord idxal göstəriciləri bu hədəfin real olmadığını və Avropanın hələ də Rusiyadan enerji asılılığında qaldığını nümayiş etdirir.
Analitiklər hesab edirlər ki, neftin qiymətinin 100 dolları keçdiyi bir vaxtda qaz qiymətlərinin də artması Avropa sənayesi üçün ağır zərbədir. Rəsmi Brüssel hələlik idxalın artması ilə bağlı rəsmi şərh verməsə də, daxili müzakirələrdə Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin (LNG-yə tam qadağa daxil olmaqla) tezləşdirilməsi tələb olunur.
Musavat.com