AZ

Kanako Mabuçi: BMT-nin Azərbaycandakı layihələri üçün 52 milyon dollar səfərbər edilib

Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə Azərbaycan hökuməti arasında imzalanan əməkdaşlıq çərçivəsi strateji tərəfdaşlığın yeni mərhələsini müəyyənləşdirir.

Hafta.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında məlumat verib.

Onun sözlərinə görə, yeni sənəd Azərbaycanın orta-yuxarı gəlirli ölkə statusu və dəyişən inkişaf ehtiyacları nəzərə alınmaqla hazırlanıb. Bildirilib ki, sənəd 33 illik tərəfdaşlıq təcrübəsinə əsaslanaraq növbəti beş il üçün daha prioritetləşdirilmiş və strateji hədəflərə yönəlmiş fəaliyyətləri əhatə edir.

Kanako Mabuçi proqramın maliyyə aspektlərinə toxunaraq qeyd edib ki, müəyyənləşdirilmiş nəticələrin əldə olunması üçün 5 il ərzində ümumilikdə 87 milyon dollar tələb olunur.

“Bu vəsaitin təxminən 52 milyon dolları artıq səfərbər edilib. Qalan 35 milyon dolların cəlbi istiqamətində isə hökumət tərəfdaşları ilə işlərin davam etdiriləcək. Fəaliyyət planı iki əsas strateji istiqaməti əhatə edir və “Azərbaycan 2030” milli prioritetləri ilə uyğunluq təşkil edir. Birinci istiqamət inklüziv sosial-iqtisadi artımın təşviqinə, ikinci istiqamət isə “yaşıl artım” və iqlimə davamlılığın gücləndirilməsinə yönəlib. Bu çərçivədə Azərbaycanın davamlı inkişaf yoluna keçidi, eləcə də iqlim və ətraf mühit risklərinə qarşı dayanıqlılığın artırılması dəstəklənəcək”, - deyə Kanako Mabuçi qeyd edib.

Rezident koordinator vurğulayıb ki, BMT-nin ölkədə fəaliyyəti daha çevik və inteqrasiya olunmuş formata keçirilib: “Hazırda 12 imzaçı qurumun koordinasiyalı fəaliyyəti təmin olunur. Bununla yanaşı, Azərbaycanın çoxtərəflilik və iqlim diplomatiyası sahəsində rolu, həmçinin regional sülh və əməkdaşlıq təşəbbüsləri dəstəklənməyə davam edəcək”.

Seçilən
18
2
hafta.az

3Mənbələr