AZ

Deputat süni intelektin zərərlərindən danışdı

“Sistemdə təhsildə, səhiyyədə və digər sahələrdə istifadə olunur, amma bir çox hallarda biz görürük ki, süni intellektin ortaya çıxardığı qabaqcıl nailiyyətlər daha çox informasiya texnologiyalarının mədəniyyətə və siyasətə inteqrasiyası ilə bağlıdır.

Məhz buradan başlayaraq vətəndaşların hüquqlarının pozulması, müəllif hüquqlarının pozulması, onların müəllifliyinin və yaxud da siyasi həyatının başqa formada cəmiyyətə çatdırılması halları müşahidə olunur”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib. 

Deputat əlavə edib ki, xüsusilə də əxlaqi və mənəvi dəyərləri aşmış, Azərbaycandan qadın paltarında qaçan bir qrup insanlar, o cümlədən müxtəlif aşağılayıcı adlar altında sığınacaq alan şəxslər bu gün süni intellektdən istifadə edərək Azərbaycan dövlətinə, Azərbaycan Ordusuna, Azərbaycan xalqına qarşı əsassız iftiralar və yalanlar yayırlar:

“Onlar süni intellektdən istifadə edərək müxtəlif insanların şəkillərini saxtalaşdırır və təhrif olunmuş məlumatlar yayırlar. Bu qanunun yaxşı cəhətlərindən biri ondan ibarətdir ki, o, beynəlxalq hüququn tələblərinə cavab verir. Eyni zamanda Avropa İttifaqına və Avropa Şurasına daxil olan ölkələrin qanunvericiliyinə uyğun şəkildə hazırlanmış bir qanun layihəsidir.

Yəni sabah həmin ölkələrin ərazisində yaşayan hər hansı bir şəxs tərəfindən Azərbaycan vətəndaşının hüquqları pozularsa və bununla bağlı cinayət və ya inzibati məsuliyyət məsələsi qaldırılarsa, həmin ölkə deyə bilməsin ki, bizdə belə bir qanun yoxdur və buna görə tədbir görə bilmədik.

Ona görə də biz onların özlərinin apardığı siyasi iradədən istifadə etməli və bu məsələləri ciddi şəkildə gündəmdə saxlamalıyıq.

Eyni zamanda çalışmalıyıq ki, bu kimi halların gənclər və uşaqlar arasında geniş yayılmasının qarşısını alaq. Çünki bunun ən böyük təsiri məhz gənclərə və uşaqlara olur. Onlar da birbaşa süni intellektdən istifadə edir və nəticə etibarilə bu, onların psixologiyasına ciddi təsir göstərir”.

S.Novruzov hesab edir ki, bu həm də uşaq hüquqlarının qorunması, gənclərimizin qorunması, tələbələrimizin qorunması deməkdir:

“Bu baxımdan, qanun layihəsi mükəmməldir və biz ona səs verəcəyik. Həmçinin həmkarlarımızı da bu qanun layihəsinə səs verməyə dəvət edirik”.

Seçilən
21
cebheinfo.az

1Mənbələr