AZ

Taksilər üçün yeni tələblər müəyyən edilir - Qiymətlər dəyişəcək?

Müntəzəm və taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə olunan nəqliyyat vasitələrinin texniki göstəriciləri, eləcə də daxili və xarici tərtibatına dair yeni tələblər müəyyənləşdiriləcək. Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Bəs bu qərar taksi qiymətlərinə təsir edəcək?

Mövzu ilə bağlı Day.Az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, hazırkı mərhələdə qiymət artımına səbəb olacaq konkret amil yoxdur. Onun sözlərinə görə, Baş nazirin tapşırığı əsasən avtomobillərin daxili və xarici tərtibatının tənzimlənməsinə yönəlib: "Buraya sürücü haqqında məlumat lövhəsinin olması, POS-terminalın quraşdırılması, avtomobilin səliqəli və təmiz saxlanılması, xarici görnüşündə əzik və zədələrin olmaması, həmçinin avtomobilin istehsal ili kimi məsələlər daxildir".

Ekspert qeyd edib ki, hazırda qüvvədə olan qaydalar tətbiq olunur və yeni təkliflərin necə hazırlanacağı, müzakirə ediləcəyi və qəbul olunacağı iki aylıq müddətdən sonra məlum olacaq.

E.Muradlının sözlərinə görə, hazırda Bakıda qeydiyyatdan keçmiş 41-42 min taksi var və onların sayının 25 minə endirilməsi nəzərdə tutulur: "Uyğun olmayan avtomobillər bazardan çıxarılacaq, tələblərə cavab verənlər isə fəaliyyətini davam etdirəcək. Bu çərçivədə buraxılış kartı verilməyən və ya ləğv olunan sürücülərlə bağlı mübahisələrin yaranması da istisna deyil. Ona görə də qaydaları hazırlayan qurumlar maksimum diqqətli olmalıdırlar".

Seçilən
12
day.az

1Mənbələr