Bakı, 10 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd təhsilin qiymətləndirilməsi və dövlət qulluğu sahəsində əldə olunmuş nailiyyətlərin və təcrübənin paylaşılması, eyni zamanda, müvafiq istiqamətlər üzrə aktual məsələlərlə bağlı müzakirələrin aparılmasıdır.
Konfransın işində Azərbaycanla birgə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Misir, Cənubi Afrika Respublikası və Keniyadan, eyni zamanda, müxtəlif beynəlxalq təşkilatlardan ümumilikdə 200-dən artıq nümayəndə iştirak edir.
Konfrans yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə panel müzakirələr üzrə işini davam etdirəcək. Panel müzakirələr müasir təhsil sistemində qiymətləndirmənin strateji rolu, kütləvi imtahanlar və rəqəmsallaşma dövründə kadr siyasəti və insan kapitalının inkişafı mövzularına həsr olunub.
Panel müzakirələrdən sonra 20-dən artıq mövzu üzrə məruzələr dinləniləcək. Sessiyalar yazı işlərinin qiymətləndirilməsi, xarici ölkələrdə qiymətləndirmə sistemi, beynəlxalq qiymətləndirmə tədqiqatları, dillər üzrə qiymətləndirmə, yaradıcılıq və bacarıqların qiymətləndirilməsi, dövlət qulluqçularının seçimi, dövlət qulluğuna qəbulda səriştə əsaslı qiymətləndirmə, elektron imtahan sistemləri və s. mövzuları əhatə edir.