BAKI, 10 aprel. TELEQRAF
2021–2025-ci illər arasında əməkdaşlıq çərçivəsi vasitəsilə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) hamısı üzrə Azərbaycana ümumilikdə 121,8 milyon ABŞ dolları həcmində investisiya yatırılıb.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbəri Kanako Mobuçi BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında deyib.
O bildirib ki, ən böyük investisiya “Yaxşı sağlamlıq və rifah” istiqamətinə yönəldilib. Çünki bu çərçivəyə hökumətin COVID-19 pandemiyasına cavab tədbirlərinə dəstək də daxil idi.
“Qeyd etmək istərdim ki, BMT eyni zamanda Azərbaycanın mina təmizlənməsi üzrə milli DİM-18 məqsədinin icrasını da dəstəkləyib. Bu istiqamət əvvəlki əməkdaşlıq çərçivəsi çərçivəsində BMT üçün də prioritet olub və dəstək BMTİP (UNDP), UNICEF və BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) tərəfindən birgə şəkildə təmin edilib.
Artıq qeyd etdiyim kimi, Dayanıqlı İnkişaf Məqsədlərinin dəstəklənməsi üçün 121,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub. Ümumilikdə isə son beş il ərzində – 2021–2025-ci illər dövründə səfərbər olunan vəsaitin həcmi təxminən 150 milyon ABŞ dollarına, daha dəqiq desək 149,8 milyon ABŞ dollarına çatıb. Bu vəsaitin ən böyük hissəsi ikinci prioritet istiqamət olan “daha güclü institutlar” sahəsinə, ondan sonra isə birinci prioritet istiqamət – “inklüziv artım” sahəsinə yönəldilib”.