Ölkə iqtisadiyyatının şaxələndirilməsi bizim əsas məqsədimizdir. Bu istiqamətdə sahibkarlıq fəaliyyətinə dəstək mexanizmləri, vergi və gömrük güzəştləri, xüsusən kiçik və orta biznesin, qadın sahibkarların və startapların inkişafına yönələn təşəbbüslər inklüziv və innovativ iqtisadi modelin formalaşmasına xidmət edir.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında deyib:
"Dünya iqtisadiyyatında sürətli rəqəmsallaşma və bu xüsusda məhsuldarlığın əhəmiyyətli artımı keyfiyyətli inkişaf üçün fürsətlər yaradır. Bu baxımdan, ölkəmizdə sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib".