AZ

Niksondan Trampa keçən "Dəli Adam" diplomatiyası

Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp sələfi Riçard Niksona heyranlığını heç vaxt gizlətməyib. Son İran böhranı bu heyranlığın sadəcə şəxsi rəğbət deyil, nüvə düyməsi təhdidi ilə həyata keçirilən təhlükəli xarici siyasət strategiyası olduğunu göstərir.

Hafta.az yazır ki, İran sivilizasiyasını məhv etməklə hədələyən Tramp, Tehran rejiminin Hörmüz boğazını gəmi başına 2 milyon dollarlıq həddindən artıq ödəniş müqabilində açmağa razılaşmasından sonra birdən sülh göyərçininə çevrilib.

“The Guardian”da dərc olunan təhlilə görə, bu manevr arxasındakı model çox tanışdır: "Dəli Adam” nəzəriyyəsi.

1968-ci ildə keçmiş ABŞ Prezidenti Riçard Nikson tərəfindən formalaşdırılmış bu nəzəriyyə, düşmən liderini geri çəkilməyə məcbur etmək üçün onların zehni vəziyyətinin qeyri-sabit olduğuna inandırmağa əsaslanır. Nikson bu strategiyanı müşaviri Bob Haldemana belə izah edib: "İstəyirəm ki, Hanoydəki (Vyetnam) insanlar mənim müharibəni dayandırmaq üçün hər şeyi edəcəyim bir nöqtəyə çatdığıma inansınlar. Onlara belə düşündürün: “Nikson kommunizmə aludədir, o, qəzəblənəndə onu idarə edə bilmərik və əli nüvə düyməsindədir”. Görəcəksiniz ki, Ho Şi Min iki həftədən sonra Parisdə sülh diləyəcək".

Bu gün Trampın İrana qarşı təhdidləri - "Mən onların sivilizasiyasına son qoyacağam" və "Mən onların elektrik stansiyalarını məhv edəcəyəm" - Niksonun Vyetnamda tətbiq etdiyi bu psixoloji müharibə taktikasının müasir bir surəti kimi qəbul edilir.

ABŞ prezidenti Tramp Hörmüz boğazının açılmasını böyük bir qələbə kimi təqdim etsə də, reallıq olduqca mübahisəlidir.

ABŞ və İsrailin 28 fevralda hücumları başlamazdan əvvəl artıq açıq olan boğaz, indi İranın hər gəmidən 2 milyon dollar rüsum aldığı gəlir mənbəyinə çevrilib.

Beynəlxalq Böhran Qrupunun İran üzrə direktoru Əli Vaezin sözlərinə görə, Tramp açıq-aydın hərbi qələbə qazana bilmədiyi üçün tənqidləri yayındırmaq məqsədilə "ağıllı manevr" axtarırdı. Vaez bildirib ki, "Tramp qələbə hekayəsindəki hər hansı bir çatlamanın qarşısını almaq üçün qiyamət ssenarilərinə və təhdidlərə əl ataraq çıxış yolu tapmağa çalışıb".

Bu sərt ritorika onu ən çox qorxduğu ssenaridən - "tam quru işğalından" xilas edir.

İranın uran ehtiyatlarını ələ keçirmək üçün quru əməliyyatının "inanılmaz dərəcədə baha başa gələcəyini və mürəkkəb olacağını bilən Tramp danışıqlar masasında əlini gücləndirmək üçün şifahi təcavüzdən təzyiq taktikası kimi istifadə edir.

Bu taktika müvəqqəti olaraq silahları susdursa da, ABŞ-ın "sivil dəyərlərin müdafiəçisi" olmaq iddiasına ciddi ziyan vurur.

Niksonun psixiatrı 1970-ci illərdə "onun nüvə tətiyinə barmağı ilə toxunmaq üçün doğru insan olmaya biləcəyindən" narahat olduğu kimi, bu gün də dünya ictimaiyyəti bir daha Trampın gözlənilməzliyini və bu işə yararlılığını şübhə altına alır.

Niksonun taleyi "dəli" rolu ilə o qədər bağlı idi ki, nəticədə bu kimlik onun süqutuna səbəb olan xaosun bir hissəsinə çevrildi.

Sual budur ki, Tramp özü yaratdığı böhranlardan qaçmaq üçün bu təhlükəli oyunu nə qədər davam etdirə bilər?

Seçilən
27
hafta.az

1Mənbələr