AZ

“Telegram”da qadınların fotolarını paylaşaraq onları fahişəliyə cəlb edən şəxsə cəza verildi

Nərimanov Rayon Məhkəməsində fahişəliyə cəlb etmədə təqsirləndirilən Asəf İsrafilovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 3 500 manat cərimə cəzası təyin edilib.

 

İbtidai istintaq materiallarına əsasən, təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən və tamah niyyəti ilə gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməkdə ittiham olunur.

 

İttihama görə, Asəf İsrafilov “Batya” və “Fidoş” ləqəbli şəxslərlə əvvəlcədən razılaşaraq cinayət əlaqəsinə girib və bu məqsədlə təşkil olunmuş qrupun tərkibində fəaliyyət göstərib. Razılaşmaya əsasən, qeyd olunan şəxslər 2024-cü il ərzində fahişəliklə məşğul olan qadınların foto və video materiallarını, eləcə də əlaqə nömrələrini müxtəlif məbləğlər müqabilində yaymaqla onların kişi müştərilərlə əlaqəyə girməsini təşkil ediblər.

 

Bu məqsədlə “Telegram” platformasında “eskort.aze” adlı kanal yaradılıb. Təqsirləndirilən şəxs həmin kanalda “qırmızı rəngli logo” adı ilə inzibatçı kimi fəaliyyət göstərib. O, kanala qoşulan qadınlarla əlaqə saxlayaraq, reklam yerləşdirilməsi üçün 60 manatdan 130 manatadək ödəniş etməli olduqlarını bildirib. Razılıq əldə edildikdən sonra qadınlar “Batya” və “Fidoş” ilə əlaqə saxlayaraq onların təqdim etdiyi bank hesablarına müəyyən edilmiş məbləğləri köçürüblər və ödəniş qəbzlərini “Telegram” vasitəsilə göndəriblər.

 

Bundan sonra kanal vasitəsilə qadınların foto və video materialları, eləcə də əlaqə nömrələri paylaşılaraq onların müştərilərlə pul müqabilində cinsi əlaqəyə girmələri təşkil edilib. İstintaqla müəyyən olunub ki, müxtəlif dövrlər ərzində bir neçə zərərçəkmiş şəxs bu sistem vasitəsilə mütəmadi olaraq müştərilərlə əlaqələndirilib və hər görüş üçün 100 manatdan 250 manatadək ödəniş qarşılığında xidmət göstərmələri təmin olunub. Bunun müqabilində isə hər həftə müxtəlif məbləğlərdə – 60 manatdan 130 manatadək vəsait təşkilatçılara ödənilib.

 

Beləliklə, Asəf digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup halında, təkrarən və tamah niyyəti ilə qadınları fahişəliyə cəlb etməklə Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir.

 

Məhkəmə iclasında o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edib. İfadəsində o, əsasən ticarətlə məşğul olduğunu, bəzən isə taksi fəaliyyəti göstərdiyini deyib.

 

Kamal Məmmədov

Tarix: 10 Aprel 2026, 09:24   
Seçilən
9
2
pravda.az

3Mənbələr