AZ

WSJ: Ağ Ev əməkdaşlara spekulyativ ticarətdən çəkinməyi tapşırıb

BAKI, 10 aprel. TELEQRAF

ABŞ-də Ağ Ev əməkdaşlara maliyyə bazarlarında spekulyativ əməliyyatlardan uzaq durmaq barədə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadla yazıb.

Bildirilir ki, martın 23-də ABŞ Prezidenti Donald Trampın İranda elektrik stansiyaları və infrastruktur obyektlərinə zərbələrin dayandırıldığını elan etməsindən bir neçə dəqiqə əvvəl 760 milyon dollardan çox məbləğdə neft fyuçersləri üzrə əməliyyatlar həyata keçirilib.

Qəzetin məlumatına görə, ertəsi gün Ağ Evin idarəetmə bölməsi prezident administrasiyasının əməkdaşlarına elektron bildiriş göndərərək, vəzifə səlahiyyətlərindən istifadə edərək maliyyə bazarlarında ticarət aparmamağı tövsiyə edib.

Ağ Evin nümayəndəsi Devis İnql bildirib ki, Tramp dövlət rəsmilərinin qeyri-ictimai məlumatlardan maliyyə məqsədləri üçün istifadə etməsinin yolverilməz olduğunu açıq şəkildə bəyan edib.

Məlumatda həmçinin qeyd olunur ki, bəzi treyderlər atəşkəsin vaxtını düzgün proqnozlaşdıraraq böyük məbləğdə gəlir əldə etsələr də, ABŞ rəsmilərinin bu məlumatlardan istifadə etdiyinə dair sübut yoxdur.

Seçilən
35
teleqraf.com

1Mənbələr