AZ

İraq Parlamenti aprelin 11-də prezident seçkiləri üçün toplanacaq

İraq Parlamenti aprelin 11-də prezident seçkiləri üçün toplanacaq

İraq Parlamentində aprelin 11-də yeni prezidentin seçilməsi üçün iclasın keçiriləcəyi bildirilib.

AFN.az xəbər verir ki, parlamentdən verilən açıqlamaya görə, dövlət başçısının müəyyənləşdirilməsi məqsədilə aprelin 11-də yenidən sessiya təşkil olunacaq. İraqda 2003-cü ildən sonra qurulan siyasi sistemə əsasən, prezident kürd partiyalarının namizədləri arasından seçilir. Bu vəzifə üçün Kürdüstan Demokrat Partiyası (KDP) mövcud xarici işlər naziri Fuad Hüseyni, Kürdüstan Yurtsevərlər Birliyi (KYB) isə keçmiş hökumətdə ekologiya naziri postunu tutmuş Nizar Amidini namizəd göstərib.

Qanunvericiliyə görə, namizədlər millət vəkillərinin üçdə iki səs çoxluğunu qazanmalıdırlar. Əgər birinci turda bu səs çoxluğu təmin olunmazsa, ən çox səs toplayan iki namizəd arasında ikinci tur keçiriləcək və sadə səs çoxluğu (yarıdan bir səs çox) toplayan şəxs qalib elan ediləcək.

İraq konstitusiyasına əsasən, prezidentin səlahiyyət müddəti 4 ildir və eyni şəxs yalnız bir dəfə yenidən seçilə bilər. Seçilən yeni prezident parlamentdəki ən böyük qrupun baş nazir namizədinə hökuməti qurmaq tapşırığı verəcək.

Xatırladaq ki, İraqda parlament seçkiləri 2025-ci il noyabrın 11-də keçirilsə də, ölkədə davam edən siyasi ixtilaflar səbəbindən yeni hökumət hələ də formalaşmayıb və hazırkı kabinet yalnız gündəlik işləri icra edən müvəqqəti hökumət statusu ilə fəaliyyət göstərir.

Seçilən
47
afn.az

1Mənbələr