AZ

Avtobusda yüksək səslə videoya baxanlar cərimələnə bilər AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İctimai nəqliyyatda hər gün yaşanan tıxac problemi sərnişinlərin onsuz da gərgin olan əsəblərini bir qədər də tarıma çəkir. Saatlarla yolda qalmaq, işdən yorğun çıxıb mənzil başına vaxtında çata bilməmək və avtobusların addım-addım irəliləməsi insanlarda təbii aqressiya yaradır. Belə vəziyyətlərdə bəzi sərnişinlərin etik normaları kənara qoyaraq ətrafdakılara qarşı anlayışsız davranması gərginliyi pik həddə çatdırır. Xüsusilə son zamanlar avtobus və metrolarda mobil telefonla yüksək səslə musiqi dinləmək, sosial şəbəkələrdəki videoları, serialları hamının eşidə biləcəyi tonda izləmək ciddi narahatlıq doğurur.Əksər hallarda bu hərəkətlər sərnişinlər arasında şifahi mübahisələrə, bəzən isə fiziki qarşıdurmalara qədər gedib çıxır. Bir çox sərnişin bunu sadəcə mədəniyyət çatışmazlığı hesab etsə də, məsələnin hüquqi tərəfləri də mövcuddur.Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov mövzu ilə bağlı Demokrat.az-a bildirib ki, ictimai nəqliyyatda yol getmək istəyərkən kimsə telefonundan açıq və yüksək səslə filmə baxırsa və ya mahnıya qulaq asırsa, bu həm narahatlıq yaradır, həm də ictimai mədəniyyət baxımından xoş qarşılanmır.“İctimai nəqliyyatda açıq səslə filmə baxmaq və ya mahnıya qulaq asmaq birbaşa cərimə tətbiqini nəzərdə tutan xüsusi inzibati xəta kimi göstərilməyib. Lakin belə hərəkətlər ictimai qaydanı pozarsa və ya digər sərnişinlərin rahatlığına ciddi mane olarsa, bu, xırda xuliqanlıq kimi qiymətləndirilə bilər və İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən inzibati məsuliyyətə səbəb ola bilər. Xırda xuliqanlıq dedikdə isə, ictimai qaydanı pozan, lakin zor tətbiq olunmadan və ya əmlaka zərər vermədən baş verən hərəkətlər nəzərdə tutulur və belə hallarda cərimə tətbiq oluna bilər. Xırda xuliqanlığa görə şəxs(lər) əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 15 (on beş) günədək müddətə inzibati həbs tətbiq olunur”.Goranboyda baş verən analoji hadisə isə bu cür halların nə dərəcədə təhlükəli həddə çata biləcəyini göstərir. Rayonun Mənəşli kəndində qonşusundan avtomobildəki musiqinin səsini azaltmağı xahiş edən 1993-cü il təvəllüdlü Tural Tanverdiyev mübahisə nəticəsində küt alətlə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Nurlan Qurbanov artıq polis əməkdaşları tərəfindən saxlanılıb və faktla bağlı araşdırmalar davam etdirilir.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr