AZ

Litvanın Baş naziri Bakıda xalça toxudu

Litvanın Baş naziri İnqa Ruqiniene aprelin 9-da Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.

Publika.az xəbər verir ki, qonağa Azərbaycan xalçaçılıq sənəti haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan bu sahədə dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Qeyd olunub ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, tətbiqi sənətin nadir nümunələrinin toplandığı Azərbaycan Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb və 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirilib.

Vurğulanıb ki, orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Burada xalça və xalça məmulatları, metal, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur və bu kolleksiyanın tamaşaçılara təqdimatı üçün ideal şərait yaradılıb.

Seçilən
10
27
publika.az

10Mənbələr