AZ

Məhəmməd Salahın deputatlıq perspektivləri

Türkiyədə türk dünyası deputatları arasında futbol turnirində zədələnən deputatımızın ayağında əməliyyat aparılacaqdır. Bu xəbər bütün azarkeş və seçicilərimizi dərin kədərə boğmuşdur. Çünki deputatın uzun müddət yaşıl sahələrdən və boz sahələrdən (qanun yaradıcılığı müstəvisi, hesab edirəm, bu rəngdə olmalıdır) uzaq qalması ehtimalı güclənir.

Haşiyə çıxaraq FHN-in “Çelsi” ilə heç-heçə edən “Qarabağ”dan fərqli olaraq Çelsi üzərində vacib qələbəsini unutmamalıyıq. Belə bir bloqer var imiş, FHN idarə rəisinin oğlu ilə şən həyat yaşayırmışlar, sonra bloqer rəisin övladının nəsə milli mentalitetimizə uyğun olmayan davranışları haqqında açıqlamalar vermişdi, buna görə Kamal müəllim rəisi işdən aralaşdırmışdı. Bir növ, əvəzetmə baş vermişdi. Lakin srağagün açıqlanan qaynar xəbərə görə rəis yenidən işinə bərpa olub, Çelsi isə uduzub. Yəqin Çelsi rəqib meydanında oynamağı öyrənər, inşallah...

Qayıdaq şanlı deputatımıza. Mən hadisənin videoyazısını izlədim, açığı, bir qədər pis oldum. Həm deputatımızın ağır zədələnməsinə, həm də bu hadisəni tribunadan izləyən idman nazirimizin baxıb gülməyinə. Deputat, yerinə uyğun, “acılar içində qıvrılarkən” sayın nazirimizə bu olay şaka kimi gəlmişdi. Bəlkə zədənin ciddi olduğunu ilk anda anlamamışdı, əslində bu da təbii sayılmalıdır, çünki sayın deputatımız qapıya zərbə vuranda özü yerə yıxılıb zədələndi. Heç kəs toxunmadan. Qəribə zədə idi. Seçicilər arasında buna “vurğun vurmaq”, parlamentarizm təcrübəsində isə “qanunda boşluğa düşmək” deyilir.

Diqqətli oxucular deputatın ismi-şərifini niyə yazmadığımı soruşsalar, deyərəm ki, nə fərqi var sizin üçün? Adı Erkin, Gülçin, Tarçın, Darçın olsa nə dəyişəcək? Yaxşı mənada yazıram, deputatlarımız hamısı bir nəfər kimi xalqa xidmət edir, bu işdə isim, soyad, dairə, məntəqə, tayfa, partiya, qəbilə, məhəllə fərqləri qoymurlar.

Açığı, şəxsən mən ilk dəfə idi belə deputatımız olmasını öyrəndim, deməli, idmanın bizə bu xeyri də vardır. Hələ nə oyunlardan necə deputatlar aşkara çıxaracağıq...

Az qala yadımdan çıxmışdı, deputatımızın sıradan çıxdığı həmin final oyununda Türkiyə Millət Məclisinin komandası 3:1 hesabıyla qalib gəlmiş, kuboku qazanmışdır. Toplardan birini Türkiyənin gənclər və idman naziri vurmuşdur. Bu isə müəyyən dərəcədə oyuna “lipa” (uyğunsuz oyunçu) buraxmaq anlamına gəlir. Hesab edirəm hakimlər komitəsi oyunun nəticələrinə yenidən baxmalı, bu işi bəlkə Məzahir müəllimə tapşırmalıdır. MSK nəzarət etsə bizim udmağımız mütləq olardı.

İndi vacib məsələ Milli Məclisin futbol komandasını yeni oyunçularla təmin etməkdir. Məncə, Məhəmməd Salahı almaq olar. Həm “Liverpul”dan ayrılmaq üzrədir, həm müsəlmandır. Doğrudur, hazırda Milli Məclisimizdə Salah soyadı daşıyan bir deputat artıq vardır. Söhbət İmişlinin deputatı Səyyad müəllimdən gedir. Onu ədəbi-bədii fəaliyyəti baxımından “Səyyad Aran” imzasıyla tanısalar da, əslində deputatın soyadı “Salahlı”dır. Məhəmməd Salahın deputatlar üzrə futbol yığmamıza cəlb edilməsi bəlkə Səyyad müəllimin işini yüngülləşdirər, çünki vaxtaşırı onunla spiker arasında söz dueli yaşanır. Qoy bir az da Məhəmməd Salah gəlib İmişlinin Qaradonlu və Göbəktala kənd sakinlərinin problemləri barədə məsələ qaldırsın. Müsəlmançılıq deyilmi? Gərək biz bir-birimizin dərdinə yanaq.

Salahı Xətaidə boş dairələrin birindən deputat seçmək yaxşı olar. Əslində bu dəqiqə elə hardasa 11 deputat yerimiz boşdur. Tam komanda alınır.

 

Seçilən
14
musavat.com

1Mənbələr