AZ

AQTA: “Sosial şəbəbəkədə görüntüləri yayılmış təsərrüfatda torpaq və çiyələkdən götürülən nümunələr laborator müayinələrə cəlb olunub”

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Meyvələrin tez yetişməsi üçün bəzi hormonlardan istifadə olunur. Bəzi maddələr isə meyvənin daha tez böyüməsinə və iri olmasına kömək edir. Təəssüflə qeyd etmək lazımdır ki, meyvələrin tez bar verməsi üşün kimyəvi maddələrdən də istifadə olunur. Qeyri-qanuni kimyəvi maddələrdən istifadə edilərsə bu sağlamlıq üçün risklidir, insan orqanizmi üçün çox zərərlidir. Ona görə meyvələri yeməkdən əvvəl yaxşı yumaq vacibdir. Vətəndaş paylaşdığı videogörüntüdə çiyələyin tez yetişməsi üçün su çəninə bənzər qaba insan orqanizminə zərərli dərmanlar tökür. Bildirir ki, “camaatı göz görə-görə zəhərləyib öldürürük”. Əlavə olaraq qeyd edib ki, 10-20 min xərc çəkirlər, pulun batmaması üçün bunu etməyə məcburdurlar.Bu kimi hallara qarşı hansı tədbirlər görülür?

Yaranan sualla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, preparatlar laborator müayinələrdən keçirildikdən sonra əhlükəsizliyi təsdiq olunur: “Bildiririk ki, pestisidlər və aqrokimyəvi maddələr (o cümlədən gübrələr) yalnız Azərbaycanda deyil, dünyanın bütün ölkələrində bitkiçilik məhsullarının, o cümlədən çiyələyin istehsalında tətbiq olunur. Bu maddələrdən düzgün istifadə edilmədiyi halda bitkilər xəstəlik və zərərvericilərin təsiri ilə zərər görə, məhsuldarlıq azala və məhsul itkisi baş verə bilər.

Qeyd edək ki, pestisid və aqrokimyəvi maddələrin tətbiqi yalnız müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməlidir. Preparatlar istifadə təlimatına uyğun, müəyyən olunmuş norma və müddətlərə riayət edilməklə tətbiq olunmalı, yalnız ölkədə dövlət qeydiyyatından keçmiş və istifadəsinə icazə verilmiş məhsullardan istifadə edilməlidir. Qeydiyyata alınan preparatlar laborator müayinələrdən və sahə sınaqlarından keçirildikdən sonra onların keyfiyyəti və təhlükəsizliyi təsdiq olunur.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu sahədə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. Bitki sağlamlığı və bioloji təhlükəsizlik istiqaməti üzrə aparılan monitorinqlər zamanı təsərrüfatlarda istifadə olunan pestisid və aqrokimyəvi maddələrin saxlanma şəraiti, qeydiyyat statusu, istifadəsinə icazə verilib-verilməməsi, qadağan olunmuş preparatların mövcudluğu və tətbiq qaydalarına riayət olunması yoxlanılır.

Çiyələk məhsullarının yığımından sonra onların dövriyyəyə buraxılması, satışa çıxarılması və ictimai iaşə obyektlərində istifadəsi mərhələlərində qida təhlükəsizliyi istiqaməti üzrə müvafiq nəzarət tədbirləri həyata keçirilir, məhsullardan nümunələr götürülərək laborator analizlər aparılır.

Qeyd edək ki, sosial şəbəkədə yayılan video-görüntülər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad rayonunun Privolnoye kəndində fəaliyyət göstərən, fiziki şəxs Bədirov Natiq Habil oğluna məxsus çiyələk təsərrüfatında monitorinq keçirib. Yoxlama zamanı məhsulların yetişdirilməsində istifadə olunan pestisidlərə baxış keçirilib. Torpaqdan və çiyələk məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticələri müəyyən edilənədək məhsulların istifadəsinin dayandırılması barədə sahibkar məlumatlandırılıb. Nəticəsi ilə bağlı əlavə məlumat veriləcək”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
bizimyol.info

1Mənbələr