Bakının ən qədim və qiymətli tarixi abidələrindən biri olan İçərişəhərin qala divarının növbəti dəfə uçması yenidən ciddi müzakirələrə səbəb olub. Hadisənin “güclü yağışlar”la izah edilməsi isə mütəxəssislər tərəfindən inandırıcı sayılmır.
Musavat.com-un məlumatına görə, tanınmış memar Elçin Əliyev hesab edir ki, əsrlərlə ayaqda qalan qala divarının qəfil dağılmasının əsas səbəbi təbii amillər deyil, insanın nəzarətsiz təsərrüfat fəaliyyəti və tarixi mühitə müdaxiləsidir. Memarın fikrincə, azı 900 il yaşı olan qala divarının uçmasını yalnız yağışla izah etmək ciddi yanaşma sayıla bilməz. Onun sözlərinə görə, baş verənlərin kökündə son illərdə İçərişəhərdə aparılan plansız tikintilər, restoranların genişləndirilməsi və tarixi mühitə uyğun olmayan müdaxilələr dayanır.

Elçin Əliyev xüsusilə Kiçik Qala küçəsində baş verən dəyişiklikləri xatırladır. O bildirir ki, 2000-ci illərin əvvəllərində həmin ərazidə sakinlər və turistlər üçün geniş və rahat piyada bulvarı yaradılmışdı. Lakin sonradan bu məkanın böyük hissəsi müxtəlif restoranlar tərəfindən zəbt edilib və nəticədə piyadalar faktiki olaraq avtomobil yolundan istifadə etməyə məcbur qalıblar.
Memarın sözlərinə görə, qala divarının uçduğu hissəyə də birbaşa restoran bitişir və bu obyektin fəaliyyəti üzərində ciddi nəzarətin olmaması əlavə risklər yaradır: “Elə həmin yerdə qala divarının daxili tərəfində bir pəncərə var idi və sonradan restoranın interyerinə daxil edilmişdi. Onun sonrakı taleyi barədə isə heç bir məlumat yoxdur. Bəlkə də genişləndirilib. Təəssüf ki, belə obyektlərin fəaliyyəti üzərində lazımi nəzarət aparılmır, əsas diqqət daha çox gəlir əldə etməyə yönəlir”.
Elçin Əliyev qeyd edir ki, uçmuş divarın digər tərəfində yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin daxili həyətində də uzun illər ərzində müxtəlif təsərrüfat işləri aparılıb. Onun sözlərinə görə, ərazidə bəzən köməkçi tikililər inşa edilib, bəzən sökülüb, daha sonra isə Qarabağ müharibəsində həlak olanların xatirəsinə memorial yaradılıb. Memarın fikrincə, bütün bu nəzarətsiz fəaliyyətlər nəticəsində qala divarı son illərdə artıq ikinci dəfə ciddi zərbə alaraq uçub.
“Azı 900 il ayaqda qalan qala divarının birdən-birə yağışa tab gətirməməsi inandırıcı görünmür. Əsas problem insanın müdaxiləsi və tarixi abidəyə lazımi qaydada yanaşılmamasıdır”, – deyə o vurğulayıb.
Memar ümid edir ki, baş verən hadisə İçərişəhərdə tarixi irsin qorunmasına yanaşmanı dəyişəcək. Onun sözlərinə görə, son dövrlərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni rəhbərliyi bu problemləri anlayır və qədim şəhərin həqiqətən mədəni və tarixi mərkəz kimi qorunması istiqamətində, xüsusilə əyləncə obyektlərinin sayının azaldılması ilə bağlı müəyyən addımlar atır. Elçin Əliyev hesab edir ki, İçərişəhər yalnız kommersiya məkanı kimi deyil, ilk növbədə tarixi irs və milli yaddaşın qorunduğu məkan kimi idarə olunmalıdır. Bu baxımdan qala divarının uçması, sadəcə, bir hadisə deyil, həm də tarixi abidələrə münasibətin yenidən nəzərdən keçirilməsi üçün ciddi siqnaldır.
Xatırladaq ki, İçərişəhərin qala divarları UNESCO-nun Dünya İrsi siyahısına daxil olan kompleksin mühüm hissəsidir. Buna görə də belə hadisələr yalnız lokal problem deyil, həm də mədəni irsin qorunması məsələsidir.
E.Məmmədəliyev,
Musavat.com