Xəbər verdiyimiz kimi, Moldova rəsmi şəkildə MDB-dən çıxıb. Bu barədə ölkə Prezidenti Maya Sandu fərman imzalayıb.
Xatırladaq ki, ötən ay Moldova hökuməti MDB-nin əsas müqavilələrini ləğv etmiş, bu ayın əvvəlində isə parlament həmin qərarı təsdiqləmişdi.
1991-ci ildə keçmiş Sovet İttifaqından ayrılan Moldova 1994-cü ildə MDB-yə üzv olmuşdu.
Bəs Moldova MDB-dən çıxmaqla Rusiyanın regiondakı təsirinə qarşı açıq mesaj göndərir yoxsa Avropa İttifaqına üzvlük prosesini sürətləndirmək istəyir?
MDB-dən çıxış Moldova üçün təhlükəsizlik və iqtisadi perspektivlərdə hansı riskləri yaradır?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb. Politoloq qeyd edib ki, SSRİ dağıldıqdan sonra Müstəqil Dövlətlər Birliyi (MDB) ona görə təsis olunmuşdu ki, keçmiş sovet respublikaları müəyyən bir format çərçivəsində bir-biri ilə əməkdaşlıq etsinlər, əlaqələri tam qopmasın və ortaq platformada dialoq davam etdirilsin:
“Lakin elə ilk dövrlərdən Baltikyanı ölkələr bu qurumda yer almadılar. Onlar açıq şəkildə Avropa inteqrasiyası yolunu seçdilər və qısa müddət ərzində Latviya, Litva və Estoniya həm Avropa İttifaqına, həm də NATO-ya üzv oldular.
Digər keçmiş sovet respublikalarının liderləri isə MDB çərçivəsində mütəmadi görüşlər keçirir, müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparırdılar. Ancaq Rusiyanın getdikcə daha açıq şəkildə özünü göstərən işğalçı siyasəti bir sıra ölkələri fərqli qərarlar verməyə məcbur etdi. Xüsusilə Ukrayna üçün bu məsələ prinsipial xarakter aldı. Çünki Ukrayna Rusiya kimi işğalçı siyasət yürüdən bir dövlətlə eyni platformada qalmağın mümkünsüz olduğunu gördü və nəticədə MDB-dən uzaqlaşma yolunu seçdi. Eyni proses Moldovada da müşahidə olundu”.
Politoloq bildirib ki, Avropaya inteqrasiya kursunu götürən və eyni zamanda Rusiya tərəfindən müxtəlif təzyiqlərlə üzləşən Moldova artıq bu ölkə ilə eyni siyasi formatda qalmağı məqsədəuyğun hesab etmədi və MDB-dən çıxmaq qərarına gəldi:
“Əslində, reallıq ondan ibarətdir ki, MDB-nin bu gün ciddi siyasi və ya strateji əhəmiyyəti qalmayıb. Bu qurum daha çox formal xarakter daşıyan bir platformadır - liderlər burada görüşür, ümumi müzakirələr aparılır, lakin real təsir mexanizmləri zəifdir. Hətta Rusiyanın özü belə bu təşkilata xüsusi önəm vermir. Moskvanın daha çox diqqət yetirdiyi və aktiv rol oynadığı digər formatlar var: Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS, Avrasiya İqtisadi Birliyi, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı. Bu qurumlar MDB ilə müqayisədə daha funksional və strateji əhəmiyyət daşıyır”.
Elxan Şahinoğlunun fikrincə, buna baxmayaraq, hər hansı bir dövlətin MDB-dən çıxması Rusiya hakimiyyəti tərəfindən simvolik olaraq təsir dairəsinin zəifləməsi kimi qəbul olunur:
“Lakin bütün bu yanaşmalara rəğmən, Moldovanın qəbul etdiyi qərarın qarşısını almaq və ya onu dəyişdirmək artıq mümkün görünmür. Bu, regionda geosiyasi istiqamətlərin dəyişdiyini və ölkələrin öz strateji seçimlərini daha sərbəst şəkildə müəyyən etdiyini göstərən növbəti addımdır”.
Xalidə Gəray
Musavat.com