AZ

Şimali Kiprin TDT-yə üzvlüyü niyə çətindir? -AÇIQLAMA

"Şimali Kipr Türk Cümhuriyyətinin yaranması Kiprdə 1950-ci illərdən başlayan türk problemlərinin davamı idi. 1960-cı ildə Türkiyə, Yunanıstan və İngiltərənin zəmanəti ilə Kipr Cümhuriyyəti quruldu. Lakin yunanların türklərə qarşı təzyiqləri və zorakılıqları gərginliyi artırdı. Bu səbəbdən 1974-cü ildə Türkiyə zəmanət hüququndan istifadə edərək Kipr türklərini qorumaq üçün hərbi əməliyyat keçirdi və sülh hərəkatı həyata keçirdi".

Bunu Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz Şimali Kiprin Türk Dövlətləri Təşkilatına (TDT) tamhüquqlu üzv olmaq istəyindən danışarkən bildirdi.

"Beynəlxalq hüquq baxımından keçərli hesab olunan hərəkatı, təəssüf ki, xüsusilə Qərb və Avropa ölkələri qəbul etmədi. Sonrakı mərhələdə Kipr türkləri əvvəlcə Kipr Türk Federativ Dövləti, daha sonra isə Şimali Kipr Türk Cümhuriyyəti adı ilə müstəqillik elan etdi, lakin hazırda Türkiyədən başqa heç bir ölkə bu müstəqilliyi tanımayıb. Bunun əsas səbəbi Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələridir. Həmin qərarlarda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyi etibarsız sayıldı və digər dövlətlərə onu tanımamaq tövsiyə olundu. Bu səbəbdən bu günə qədər Şimali Kipr Türk Cümhuriyyəti heç bir dövlət tərəfindən tanınmayıb. Hətta 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılmasından sonra müstəqillik qazanan beş türk dövləti belə Şimali Kipr Türk Cümhuriyyətini rəsmi şəkildə tanımadı", - deyə o xatırlatdı.

Politoloq əlavə etdi ki, bu vəziyyət BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qərarlarının beynəlxalq hüquq baxımından yaratdığı çətinliklərlə bağlıdır:

"Bununla belə, Şimali Kipr Türk Cümhuriyyəti 2022-ci ilin noyabr ayında müşahidəçi üzv statusu ilə Türk Dövlətləri Təşkilatına qəbul edildi. Nəzəri baxımdan Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına tam üzv olması mümkündür. Lakin praktikada bunun olduqca çətin olduğu nəzərə alınmalıdır. Çünki Türk Dövlətləri Təşkilatı kimlik və dil əsaslı bir qurum olsa da, üzvlər suveren dövlətlər kimi qəbul edilir və Şimali Kipr Türk Cümhuriyyəti yalnız Türkiyə tərəfindən tanındığı üçün beynəlxalq hüquq baxımından problem yaranır. Birləşmiş Millətlər çərçivəsində isə bu ərazi Kipr Cümhuriyyətinin bir hissəsi kimi qəbul edilir və bu səbəbdən təşkilata tam üzvlük məsələsində ciddi çətinliklər mövcuddur. Mövcud sistem daxilində hüquqi əngəllər və beynəlxalq tanınma problemi əsas maneələr hesab olunur. Ən kritik məsələ məhz tanınma problemidir".

Müsahibimizin fikrincə, Türk Dövlətləri Təşkilatına üzv ölkələr BMT qərarlarına baxmayaraq Şimali Kipr Türk Cümhuriyyətini rəsmi şəkildə tanıdıqlarını bəyan etsələr, bu problem həll oluna bilər:

"Lakin türk dövlətlərinin Avropa ölkələri və Avropa İttifaqı ilə geniş iqtisadi və siyasi əlaqələri mövcuddur. Kipr Cümhuriyyəti adı ilə yunan tərəfi Avropa İttifaqının üzvüdür və bu səbəbdən türk dövlətlərinin Şimali Kipr Türk Cümhuriyyətini tanıması Avropa İttifaqı ilə münasibətlərdə ciddi gərginlik yarada bilər. Türk dövlətləri bu riski qəbul edib belə bir addım atsalar və ilkin mərhələdə yaranan gərginlikləri idarə edə bilsələr, müəyyən müddətdən sonra bu məsələ yumşaldıla bilər və Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq hüquq baxımından tanınması mümkün ola bilər. Lakin bu riskin qəbul edilib-edilməyəcəyi zamanla müəyyən olunacaq. Əgər Şimali Kipr Türk Cümhuriyyəti tanınarsa, bu məsələ də həllini tapmış olacaqdır. Hazırda Türk Dövlətləri Təşkilatının üzvləri Türkiyə, Azərbaycan, Qaxaxıstan, Özbəkistan və Qırğızıstandır, təşkilatda həmçinin müşahidəçi üzv ölkələr də mövcuddur.

Kipr məsələsi eyni zamanda Avropa İttifaqının problemi kimi də qiymətləndirilir, çünki Kipr Cümhuriyyəti adı ilə yunan tərəfi Avropa İttifaqının üzvüdür. Avropa İttifaqının Şimali Kipr Türk Cümhuriyyətini tanımaması səbəbindən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bu qurumla iqtisadi münasibətlərinə təsir edə biləcək risklər mövcuddur. Türk dövlətləri bu riski qəbul etsələr, məsələ müəyyən mənada həll oluna bilər. Bu halda Avropa İttifaqının bütün türk dövlətlərinə qarşı ciddi müqavimət göstərib-göstərməyəcəyi sual altındadır. Çünki türk dövlətləri həm təbii resursları, həm də geosiyasi mövqeləri baxımından strateji əhəmiyyətə malikdir və bu səbəbdən Avropa tərəfi belə bir qarşıdurmadan çəkinə bilər. Digər alternativ kimi Türk Dövlətləri Təşkilatı öz strukturunda dəyişiklik edib üzvlük üçün müstəqillik şərtini yumşalda və ya fərqli statuslar tətbiq edə bilər. Bu halda Şimali Kipr Türk Cümhuriyyəti xüsusi nümayəndə, mədəni-siyasi tərəfdaş və ya türk topluluğu təmsilçisi kimi təşkilata daxil edilə bilər, lakin bu yanaşma problemi tam həll etmiş sayılmır".

Həmsöhbətimiz əlavə etdi ki, Şimali Kipr Türk Cümhuriyyətinin TDT-yə tam üzv olması nəzəri cəhətdən mümkündür, lakin beynəlxalq hüquq və siyasi baxımdan riskli və çətin bir məsələ olaraq qalır:

"Bu məsələ Türk Dövlətləri Təşkilatına üzv ölkələrin riskləri qəbul edib-etməməsindən və Şimali Kipr Türk Cümhuriyyətini tanıyıb-tanımamalarından asılıdır".

Xədicə BAXIŞLI

Seçilən
34
1
redaktor.az

2Mənbələr