Ayda suyun böyük bir hadisə nəticəsində deyil, milyardlarla il ərzində tədricən toplana biləcəyi müəyyən edilib.
Publika.az xəbər verir ki, aparılan tədqiqata əsasən, suyun 3-3,5 milyard il ərzində tədricən toplandığı ehtimal olunur.
Alimlər suyun qəfildən, məsələn, böyük kometin toqquşmasından sonra əmələ gəlməsi fərziyyəsini rədd ediblər.
“Bunun əvəzinə bir neçə mənbə nəzərdən keçirilir. Bunlar, Ayın daxilindən suyu çıxara bilən qədim vulkanizm, kometalar və asteroidlər, həmçinin günəş küləyidir. Bu zaman hidrogen Ay səthi ilə qarşılıqlı təsirə girərək su əmələ gətirir. Buz isə “soyuq tələlər” adlanan yerlərdə, milyardlarla il Günəş işığı düşməyən, daimi kölgədə qalan kraterlərdə qorunur”, - məlumatda qeyd olunub.
NASA missiyalarının məlumatları vasitəsilə alimlər müəyyən ediblər ki, məhz ən qədim və ən uzun müddət kölgədə qalan kraterlər ən çox buz ehtiva edir. Məsələn, Ayın cənub qütbündə yerləşən və 3 milyard ildən çoxdur kölgədə qalan Havort krateri suyun əsas “anbarlarından” biri ola bilər.