AZ

Londondan Putinə şok mesaj: "Sizi görürük, hər addımınız nəzarətdədir"

Böyük Britaniyanın müdafiə naziri Con Hili bu gün — 9 aprel 2026-cı il tarixində keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putinə birbaşa xəbərdarlıq edərək, Britaniyanın sualtı infrastrukturuna qarşı planlaşdırılan gizli əməliyyatın ifşa olunduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, nazir Rusiya sualtı qayıqlarının bir ay ərzində Britaniyanın strateji rabitə kabelləri və boru kəmərləri ətrafında apardığı şübhəli fəaliyyətin London və müttəfiqləri tərəfindən 24/7 rejimində izlənildiyini açıqlayıb.

Britaniya kəşfiyyatı müəyyən edib ki, əməliyyatda Rusiyanın nüvə enerjisi ilə işləyən "Akula" sinfinə məxsus zərbə sualtı qayığı və GUGI (Dərin Dəniz Araşdırmaları Baş İdarəsi) idarəsinə aid iki xüsusi təyinatlı casus qayıq iştirak edib.

 Con Hili birbaşa Kremlə müraciət edərək deyib: "Prezident Putinə deyirəm: biz sizi görürük, kabellərimiz və boru kəmərlərimiz üzərindəki fəaliyyətinizi izləyirik. Bilməlisiniz ki, onlara zərər vurmaq cəhdi qəbulolunmazdır və bunun ağır nəticələri olacaq".

 Məlum olub ki, "Akula" qayığı Britaniya ordusunun diqqətini yayındırmaq üçün "yem" rolunu oynayıb, bu vaxt isə GUGI-nin casus qayıqları sualtı infrastrukturu xəritələməyə çalışıb. Lakin Britaniya Kral Hərbi Dəniz Donanması və Norveç tərəfindən atılan hidroloji aparatlarla hər addım nəzarətə götürülüb.

Bir ay davam edən və bu gün başa çatdığı elan edilən əməliyyatda Britaniyanın 500 hərbçisi, "P8 Poseidon" təyyarələri və freqatları iştirak edib. Rusiya qayıqları "covert" (gizli) qalmağı bacarmadıqlarını anlayaraq şimala doğru geri çəkiliblər.

Con Hili vurğulayıb ki, bu kabellər beynəlxalq data trafikinin 99%-ni və Britaniyanın qaz təminatının yarısını daşıyır. Putinin Yaxın Şərqdəki böhranı (İran-ABŞ gərginliyini) fürsət bilərək şimalda sabotaj cəhdi Britaniya hökumətinin sayıqlığı nəticəsində puç olub.

Musavat.com

Seçilən
3
musavat.com

1Mənbələr