ain.az bildirir, Ses qazeti saytına əsaslanaraq.
Azərbaycan daim sülhpərvər və ədalətli mövqe sərgiləməklə bütün dövlətlərlə təhlükəsizlik şəraitində qarşılıqlı əməkdaşlıq etməyə üstünlük verib. Bu gün Cənubi Qafqazın lider dövləti olan ölkəmizin yaratdığı reallıqlar həm region ölkələrinin, həm də bütövlükdə Avrasiyanın inkişafı üçün mühüm töhfələr verir. Sülhə, sabitliyə və dinamik inkişafa xidmət edən dövlət siyasətimiz dost ölkələrin sayını artırmaqla yanaşı dünya dövlətlərini bizimlə tərəfdaşlıq etməyə və əlaqələrini daha da genişləndirməyə və sövq edir.
Qədim tarixi köklərə malik olan Azərbaycan-Gürcüstan münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyması buna bariz misaldır. Eyni coğrafiyada yaşayan xalqlar arasında formalaşmış qarşılıqlı hörmət və etimad bu gün dövlətlərarası münasibətlərin əsasını təşkil edir. Bu möhkəm təməl üzərində qurulan əlaqələr hazırda regionun ən sabit və etibarlı əməkdaşlıq modellərindən biri kimi çıxış edir. Gürcüstanla Azərbaycanın dostluq və qardaşlıq münasibətləri həm region, həm də bir çox dünya dövlətləri arasında əlaqələr baxımından nümunə sayılır. Ölkə rəhbərlərinin siyasi iradəsi dövlətlər arasında münasibətlərin möhkəm təməllər üzərində qurulmasına, konstruktiv dialoq və əməkdaşlıq şəraitində dinamik inkişafına xidmət edib.
Aprelin 6-da İlham Əliyevin Gürcüstana dövlət səfəri iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə təcəssüm etdirdi. Səfər çərçivəsində keçirilən görüşlər və mətbuata verilən bəyanatlar göstərdi ki, Azərbaycan–Gürcüstan əlaqələri artıq sadəcə qonşuluq münasibətləri deyil, dərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və yeni mərhələyə qədəm qoyub.
Azərbaycan və Gürcüstan təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır və hazırda ölkələrimiz arasında enerji sektorunda nümunəvi əməkdaşlıq münasibətləri formalaşıb. Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Artan iqtisadi imkanlar, yerləşdiyi əlverişli coğrafi mövqeyi və beynəlxalq aləmə inteqrasiyası Azərbaycanın digər qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Son illərdə Türkiyənin, Azərbaycanın və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması yaranıb. Hər üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır.
Gürcüstana səfəri zamanı Prezident İlham Əliyev mətbuata bəyanatında Gürcü və Azərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və bu gün də həmin ənənələrin davam etdirildiyini vurğulayaraq deyib: “Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Azərbaycan və Gürcüstan inamla inkişaf edir”.
Gürcüstan-Azərbaycan əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyini bildirən dövlətimizin başçısı əlavə edib ki, bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyub. Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atıb. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Bu ixrac Gürcüstandan başlayır. Azərbaycanın nefti və qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları da Azərbaycan və Gürcüstan üzərindən keçirilir. Bu gün Azərbaycanda nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu ölkəmiz üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər göstərilir və göstəriləcəkdir.
Bir zamanlar münaqişələrlə yadda qalan region bu gün sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməkdədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, davamlı sülh yalnız siyasi razılaşmalarla deyil, iqtisadi əməkdaşlıq və qarşılıqlı faydalı layihələrlə möhkəmlənə bilər. Bu baxımdan Gürcüstanın körpü və vasitəçi rolu xüsusi əhəmiyyət kəsb edir. İki ölkə beynəlxalq müstəvidə də bir-birinə dəstək göstərir. Suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri hər iki dövlət üçün dəyişməzdir. Bu mövqe regionda sabitliyin qorunmasına və beynəlxalq hüququn əsas prinsiplərinin müdafiəsinə xidmət edir.
Bir sözlə Prezident İlham Əliyevin Gürcüstana səfəri nümayiş etdirdi ki, qarşılıqlı etimada, ortaq maraqlara və strateji baxışa əsaslanan Azərbaycan-Gürcüstan münasibətləri yüksələn xətlə inkişaf edir və bu münasibətlər gələcək üçün geniş perspektivlərə malikdir. Eyni zamanda sülhə, ədalətə və dinamik inkişafa əsaslanan bu tərəfdaşlıq təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün sabitlik, təhlükəsizlik və inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir.
Vüqar İsayev
YAP Göygöl rayon təşkilatının sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.