AZ

Aqrar Sığorta Fondu: Güclü yağışlar səbəbindən ən çox müraciət Quba-Xaçmaz regionundan olub

Bakı, 9 aprel, AZƏRTAC

Ölkə ərazisində güclü yağışların başladığı tarixdən - martın 27-dən aprelin 9-dək Aqrar Sığorta Fonduna müxtəlif hadisələr üzrə ümumilikdə, 601 sığorta müqaviləsini əhatə edən 93 müraciət daxil olub. Bu müraciətlər müxtəlif bitkilərin əkildiyi 6541 hektar əkin sahəsini əhatə edib.

Bu sözləri AZƏRTAC-ın sorğusuna cavab olaraq Aqrar Sığorta Fondunun İdarə heyəti sədrinin müşaviri Rəvan Səmədli bildirib.

O qeyd edib ki, ən çox müraciətin daxil olduğu bölgə Quba-Xaçmaz regionudur. Bu region üzrə müraciətlər 5700 hektar sahəni əhatə edir. Həmçinin Dağlıq Şirvan regionunda 381 hektar, Mərkəzi Aran regionunda 213 hektar, Gəncə-Daşkəsən regionunda 154 hektar, Qarabağ regionunda 56 hektar, Şirvan-Salyan regionunda 24 hektar, Abşeron-Xızı regionunda isə 12 hektar sahədə baş verən hadisə üzrə müraciətlər daxil olub.

Ümumilikdə 6541 hektar sahəni əhatə edən müraciətlərin əksər hissəsi – 6256 hektarı subasma ilə bağlıdır. Eyni zamanda, 223 hektar sahə üzrə müraciət üçüncü şəxsin hərəkəti, 53 hektarda fırtına-qasırğa hadisəsi, 5 hektarda vəhşi heyvan hücumu, 3,46 hektarda isə dolu hadisəsi ilə əlaqəlidir.

“Aqrar Sığorta Fonduna daxil olan bütün müraciətlər qeydə alınıb, hadisələrin araşdırılması və ilkin qiymətləndirmə işlərinin aparılması üçün ərazilərə müstəqil aqrar sığorta ekspertləri yönəldilib. Yağış və sel-subasma hallarının davam etməsi səbəbindən bəzi ərazilər üzrə təkrar müraciətlər də daxil olur. Nəticədə bəzi hallarda artıq ekspert tərəfindən ilkin zərər qiymətləndirilməsi aparılan ərazilərdə yenidən hadisələrin baş verdiyi bildirilir və həmin əkin sahələrinə yenidən ekspertlər yönəldilir”, - deyə Rəvan Səmədli vurğulayıb.

Seçilən
16
3
azertag.az

4Mənbələr