AZ

"Siçan kimi gizlənən"in baş nazirlik sevdası və iyun üçün razılaşdırılmış GÖRÜŞ

Baş nazirliyə namizədliyini irəli sürən cani Robert Köçəryan Nikol Paşinyanın Rusiya səfərindən sonra dil boğaza qoymur, xeyli aktivləşib. Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Köçəryan indi də iddia edib ki, “Paşinyan Dağlıq Qarabağ məsələsindəki səhvlərini Rusiya prezidentinin üzərinə yıxmağa çalışır”.

Bu ağıldan kəm iddiaçı deyir ki, dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yanaşı, guya hansısa “Dağlıq Qarabağ xalqı”nın da “öz müqəddəratını təyin etmək hüququnu tanıyıb”. “Madrid prinsipləri”nə istinad edən bu gerizəkalı iddia edir ki, “referendum yekun akkord olmalı idi”. Yanıb-yaxılır və “Nikol Paşinyandan əvvəl heç kim Azərbaycanın ərazi bütövlüyünü dəqiq kvadrat kilometrlərdə tanımayıb” - söyləyir.

Bu, uşaq qatili hələ də ağıllanmayıb və reallığı qəbul etməkdən çox - çox uzaq olduğunu hər açıqlaması ilə nümayiş etdirir. Qanmır ki, “Dağlıq Qarabağ” yoxdur, Qarabağ məsələsi bitib, “miatsum” gorbagor oldu! İnanmırsa, özündə cəsarət tapıb gəlsin, Bakıda ona hər şeyi sübut edərlər. Necə ki, onun ağıldaşlarının bir hissəsi, separatçıların başçıları layiq olduqları cəzaları çəkirlər, içərilərində şeir əzbərləyənlər, poema oxuyanlar da var…

Rusiya prezidenti ilə Paşinyan arasındakı gərgin polemika bu Kreml casusuna o qədər yer eləyib ki, kirimək bilmir. Deyib ki, 2020-ci ildə məhz Rusiya müharibəni dayandırıb”, oktyabrda Paşinyana sülh təklif olunsa da, o, bunu rədd edib və “Ermənistanın tamamilə uduzmasının qarşısını almaq üçün” Kreml prosesə müdaxilə edib, sülhməramlılar yerləşdirib.

“Ermənistan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqla üçtərəfli bəyanatdan mahiyyət etibarilə geri çəkildi və bu məsələ Azərbaycanın daxili məsələsinə çevrildi. Müdafiə ordusu avtomatik olaraq silahlı birləşməyə çevrildi və “artsax xalqı” öz müqəddəratını təyin etmək istəyən xalqa deyil, separatçıya çevrildi”, - Köçəryan daha sonra deyib.

Bir neçə gün əvvəl Nikol Paşinyan Köçəryanın zəvzəməsinə reaksiyasında onu sosial mediada “eşşək kimi anğırmağa” çağırmışdı. Görünür söz sahibinə çatıb. Amma hələ də “zəfəranın nə olduğunu” anlaya bilmir. İstisna deyil ki, özü də İrəvandakı yanacaqdoldurma stansiyalarından Azərbaycan benzini alır, özü də əvvəlkindən aşağı qiymətə, Ermənistandakı ictimai rəyi nəzərə almadan yenə də “köhnə palan içi sökməyə” başlayıb. Son sorğuya görə, Ermənistan əhalisinin 45,8%-ni təhlükəsizlik məsələləri narahat edir. Yəni əhalinin az qala yarıya qədəri sakit yaşamaq istəyir, yenidən Köçəryan kimi canilərin ayaqlarının altında can vermək niyyətində deyil. Belə olduğu halda, nə qədər ağılsız olasan ki, reallığın əksinə mövqe ortaya qoyub, hələ baş nazir iddiasına da düşəsən?! Görünən budur ki, Köçəryanı ortaya atan qüvvələr var. Xüsusilə də son vaxtlar Rusiyada Qarabağ məsələsi ilə bağlı iddiaların tirajlanması, bitmiş məsələnin yenidən gündəmə gətirilməsi cəhdi, sönmüş ocağı körüklənməsinə yönəlik hərəkətlərlə yanaşı, köçəryankimilərə də komanda verilib.

Amma inanmaq olmur ki, Rusiya hakimiyyətində təmsil olunanlar real situasiyadan Köçəryan və digər revanşistlər kimi xəbərsizdirlər. Son vaxtlar Lavrov, Zakarova, Overçuk və digərlərinin səsləndirdiyi fikirlər, iddialar, həmçinin president Putinin Qarabağı Azərbaycan ərazisi kimi ilk olaraq məhz Paşinyanın tanıdığını söyləməsi, paralel olaraq Köçəryan və digərlərinə komanda verilməsi Ermənistanın baş nazirini Köçəryanla əvəzləmək niyyəti ilə bağlı deyil. Sadəcə, ondan bu dəfə də istifadə edirlər, lazım gələndə “fas” deyirlər. Rusiya Ermənistandakı ictimai rəyə bələddir və anlayır ki, hətta 2021-ci ildə, kapitulyasiya sənədinə imza atdıqdan bir neçə ay sonra yenidən rəqiblərinə qalib gələn Paşinyan bu dəfə də müxalifəti üstələyəcək. Bunun birinci səbəbi budur ki, erməni xalqı daha mənasız müharibədə qırılmaq istəmir, yaxasında “Real Ermənistan”ın xəritəsini gəzdirən adamla davam etmək niyyətindədir. Rusiyanın Gümrüdəki hərbçiləri hakimiyyəti zorla devirməyəcək ki…Rusiyadakılar da 2008-ci ilin 1 martında erməniləri qətlə yetirən Köçəryanın səs qazanmayacağını da yaxşı anlayır. Belə olduğu halda, ayrı-ayrı kartlarla Paşinyana maksimum təzyiqlər göstərilir ki, Kremldən çox uzağa getməyə cürət etməsin. Görmədinizmi, çağıran kimi, Paşinyan qaçaraq Moskvaya getdi…Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi tarixi rekorda Sərkisyan, yaxud Köçəryanın vaxtında yox, elə Paşinyanın hakimiyyəti zamanı çatıb…Deməli, Paşinyan kimi üzdə anti-rus hökumət başçısı Kremlə daha çox lazımdır hələlik…Rusiya da reallığı nəzərə alır axı…

Budur, Paşinyan iyunun ikinci yarısında Putinlə yüksək səviyyəli görüş barədə razılığa gəldiyini açıqlayıb. “Mən səfəri çox uğurlu səfər hesab edirəm. Qalan hər kəs öz qiymətini verməkdə sərbəstdir... Təkbətək görüşə gəlincə, biz artıq növbəti görüşlər və tədbirlərlə bağlı razılığa gəlmişik. Biz iyunun ikinci yarısında da daxil olmaqla, yüksək səviyyəli görüş barədə razılığa gəlmişik”, - Ermənistanın baş naziri brifinqdə deyib. Seçkilər 7 iyundadır. Artıq iyunun ikinci yarısındakı görüş razılaşdırılıb, özü də yüksək səviyyəli… Yəni Köçəryan da cəhənnəmə göndərilib.

Köçəryan və onun kimi canilərin bir daha Ermənistanda hakimiyyət üzü görməyəcəklərinə inamım bilirsinizmi hardandır?

Yəqin xatırlayırsınız: Azərbaycan Prezidenti İlham Əliyev “darmadağın edilən ordu Paşinyanın deyil, Köçəryan və Sarqsyanın 20 il ərzində yaratdığı ordudur”-demişdi. Ağdam Cümə məscidinin qarşısında isə Ali Baş Komandan hərbi geyimdə cani eks-prezidentlərə xitabən demişdi: “Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız?..Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. Paşinyan heç kimdir”.

44 günlük Vətən müharibəsi zamanı "Dəmir yumruq"la köçərayanların ordusunu darmadağın edən Azərbaycan separatçıların yuvasına da “od qoydu”. De-fakto sülh gəlib regiona və erməni rəsmilər belə, Azərbaycanı Ermənistanın təhlükəsizliyinin təminatçısı adlandırır. Bütün bunlardan sonra Köçəryan kimi uşaq qatilinin hakimiyyətə qayıdışı mümkün deyil, Azərbaycan prezidentinin yuxarıdakı xəbərdarlıqları çoxlarının qulağında “sırğa”dır sözsüz ki...Azərbaycanın varlığı və Qalib Liderin xəbərdarlığı Köçəryanın yolunu kəsir, Rusiyada da bunu anlamamış deyillər...Ona görə də iyunun ikinci yarısı üçün Paşinyanla görüş təyin edilib...

Köçəryan üçün qapılar açıqdır, amma hakimiyyətə yox, həbsə. Bakıda qurulmuş Ədalət Məhkəməsindəki müttəhimlər kürsüsü onu gözləyir. Seçki fonunda özü üçün “təhlükəsizlik çətiri” yaratmaq istəyir. Çox narahatdır ki, Paşinyan hakimiyyətinin növbəti mərhələsində onu qulağından tutub Bakıya təhvil verər...

Seçilən
5
musavat.com

1Mənbələr