AZ

Müharibədə dronlardan istifadənin Azərbaycan modeli

Azərbaycan 2020-ci ildə 44 günlük müharibədə və 2023-cü ildə 23 saatlıq anti-terror əməliyyatına  hərbi dronları geniş miqyasda ilk tətbiq edən ölkə olub və müasir dövrdə müharibələrin taktika və strategiyasını müəyyənləşdirib. Azərbaycan sadəcə dronları əsas zərbə vasitəsi kimi istifadə etməyib, müxtəlif təyinatlı dronların inteqrasiyasını təşkil edərək vahid  sistem yaradıb.

Musavat.com bildirir ki, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycanın tətbiq etdiyi dron strategiyası yerli və beynəlxalq miqyaslı hərbi ekspertlər, hərbi institutlar tərəfindən müasir hərb tarixində dönüş nöqtəsi kimi qiymətləndirilib. Eləcə də 2023-cü ilin sentyabrında Qarabağda antiterror əməliyyatı ilə Azərbaycan dünyaya müasir dövrün anti-terror əməliyyatı nümunəsi təqdim etdi. Bu əməliyyatda da dronlar mühüm komponent oldu.

Azərbaycanın fərqi yalnız dronlardan istifadə etməsində deyildi. Ekspertlərin yanaşmasına görə, əsas yenilik çoxqatlı dron ekosistemi, kəşfiyyat, zərbə, kamikadze və müşahidə dronlarının paralel istifadəsi oldu.
Azərbaycanın

Artilleriya və raket sistemləri ilə inteqrasiyada isə dronlar hədəf təyinetmə rolunu oynayaraq digər silahların effektivliyini artırdı.

Elektron müharibə ilə sinxron fəaliyyət istiqamətində isə dronlar düşmənin hava hücumundan müdafiə sistemlərinin korlaşdırılmasında müstəsna əhəmiyyətə malik idi.

Real vaxt komanda-idarəetmə sistemi baxımından  məlumatın dərhal qərar qəbul edən mərkəzə ötürülməsində də müasir dron sistemləri öz sözünü dedi.

Hərbi mütəxəssislər qeyd edir ki, bu yanaşma klassik “platforma mərkəzli” müharibədən “sistem mərkəzli” müharibəyə keçidin bariz nümunəsi oldu. Başqa sözlə, Azərbaycan dronları sadəcə silah kimi deyil, vahid döyüş şəbəkəsinin elementi kimi istifadə etdi.

Azərbaycanın yaratdığı nümunə hələ uzun illər dünya hərb məktəblərində öyrəniləcək. Bunu da hərbi ekspertlər əminliklə vurğulayırlar. Azərbaycanın tətbiq etdiyi model artıq bir çox hərbi akademiyalarda və analitik mərkəzlərdə öyrənilir. Azərbaycan modeli kimi öyrənilən bu nümunə müharibədə, hərbi əməliyyatlarda qısa müddətdə strateji üstünlüyün əldə olunmasını, nisbətən az xərclə yüksək nəticəni təmin edən model kimi qəbul edilir və öyrənilir.

Azərbaycanın bu təcrübəsi göstərdi ki, müasir müharibədə qalibiyyət yalnız silahın gücü ilə deyil, texnologiyanın necə inteqrasiya olunması və idarə edilməsi ilə müəyyən olunur. Müasir döyüş meydanında dronlar artıq “yardımçı vasitə” statusunu geridə qoyaraq əsas operativ alətə çevrilib. İran-ABŞ-İsrail xəttində və Rusiya-Ukrayna müharibəsində müşahidə olunan tendensiyalar bunu təsdiqləyir. Azərbaycanın təcrübəsi isə bu prosesin qabaqcıl nümunələrindən biri kimi çıxış edir. Bu model göstərdi ki, gələcəyin müharibələri daha texnologiya yönümlü, daha şəbəkələşmiş sistemlərə əsaslanan olacaq. Bu səbəbdən, dronların rolu yaxın onilliklərdə yalnız artacaq və onları effektiv şəkildə inteqrasiya edə bilən ordular strateji üstünlük əldə edəcək.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
32
musavat.com

1Mənbələr