AZ

Numan Kurtulmuş: Ankara Cənubi Qafqazda əməkdaşlıq mühiti yaradılmasının mümkünlüyünə inanır

Ankara,9 aprel, AZƏRTAC

Türkiyə qardaş Azərbaycan ilə Ermənistan arasında münasibətlərin inkişafını xüsusilə həssas məsələ hesab edir. Ankara lap əvvəldən regiondakı bütün dövlətlər arasında əməkdaşlıq mühiti yaradılmasının mümkünlüyünə inanırdı. Bu baxımdan, əsas çətinlik Azərbaycanın Qarabağ bölgəsinin işğalı idi.

Bu fikri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsinə parlamentlərarası diplomatiyanın töhfəsi ilə bağlı AZƏRTAC-ın müxbirinin sualına cavabında bildirib.

TBMM sədri aprelin 15-19-da İstanbulda keçirilməsi planlaşdırılan Parlamentlərarası İttifaqının (PAİ) 152-ci Assambleyasına həsr olunmuş jurnalistlərlə görüşdə qeyd edib ki, Azərbaycan torpaqlarının azad edilməsi ilə Cənubi Qafqazda yeni güc balansı yaranıb.

“Biz Azərbaycan ilə Ermənistan arasındakı yaxınlaşmanı, xüsusən də son addımları çox müsbət və vacib hesab edirik. Mən Türkiyə, Azərbaycan və Ermənistan arasında həm siyasi sahədə, həm də parlamentlərarası səviyyədə üçtərəfli dialoqun inkişafını istisna etmirəm. Qafqaz regionundakı digər dövlətlər də bu formata cəlb edilə bilər”, - deyə N. Kurtulmuş bildirib.

Parlamentin sədri Cənubi Qafqazda tezliklə uzunmüddətli sülh mühitinin bərqərar olacağına ümid etdiyini bildirib.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Seçilən
24
5
azertag.az

9Mənbələr