AZ

Rusiyanın ölünü "diriltmək" cəhdi

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Qarabağ məsələsini yenidən gündəmə gətirməsi regionda formalaşan yeni siyasi reallıqlar fonunda diqqətçəkən məqamlardan biridir. Bu cəhdlər həm Cənubi Qafqazda davam edən sülh prosesinə, həm də tərəflər arasında yaranmış nisbətən sabit balansın gələcəyinə dair suallar doğurur.

Məsələyə Azərbaycanın rəsmi reaksiyası, xüsusilə Xarici İşlər Nazirliyinin mövqeyi isə ölkənin suverenlik və ərazi bütövlüyü məsələlərində prinsipial xəttini bir daha ortaya qoyur.

Ekspertlər hesab edirlər ki, baş verənlər təkcə regional deyil, eyni zamanda daha geniş geosiyasi rəqabətin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

“Rusiya Qərbin, xüsusilə Avropa İttifaqı və ABŞ-nin regiondakı fəallaşmasına qarşı öz təsir vasitələrini saxlamağa çalışır”

Siyasi ekspert Bəhruz Quliyev Hafta.az-a bildirib ki, bugünkü mərhələdə Rusiyanın Qarabağ mövzusunu yenidən aktuallaşdırmaq cəhdləri təsadüfi deyil və bu, daha geniş geosiyasi strategiyanın tərkib hissəsidir.

“Regionda yeni reallıqlar formalaşıb. Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edib və artıq “Qarabağ problemi” anlayışı faktiki olaraq tarixə qovuşub. Düşünürəm ki, bu fonda Moskvanın məsələni yenidən gündəmə gətirməsi bir neçə məqsədə xidmət edir. Belə ki, Cənubi Qafqazda təsir imkanlarını qorumaq və zəifləməsinin qarşısını almaq, regionda sülh prosesini nəzarətdə saxlamaq, qlobal aktorlara, xüsusilə, Qərbə  mesaj verməkdir ki, bu coğrafiyada hələ də əsas oyunçu Rusiyadır”, - ekspert bildirib.

Onun fikrincə, Azərbaycan Xarici İşlər Nazirliyinin bu məsələdə mövqeyi prinsipial və beynəlxalq hüquqa əsaslanan yanaşmanın ifadəsidir. Rəsmi Bakı açıq şəkildə göstərir ki, Qarabağ məsələsi artıq bağlanıb və bu mövzunun süni şəkildə gündəmə gətirilməsi qəbuledilməzdir:

“Bu mövqe həm hüquqi, həm də siyasi baxımdan tam adekvatdır. Azərbaycan diplomatiyası burada emosiyaya yox, faktlara və reallıqlara söykənir. Eyni zamanda bu, beynəlxalq ictimaiyyətə də aydın mesajdır ki, regionda yeni status-kvo yaranıb və bu reallıqla hesablaşmaq lazımdır”.

B.Quliyev qeyd edib ki, belə cəhdlər sülh prosesinə müəyyən risklər yarada bilər, çünki köhnə münaqişə narrativlərinin dirçəldilməsi etimad mühitinə zərbə vurur. Halbuki hazırda region üçün əsas prioritet dayanıqlı sülhün təmin olunması və iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Onun sözlərinə görə, əgər xarici aktorlar bu prosesi manipulyasiya etməyə çalışarsa, bu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mane ola bilər. Reallıq ondan ibarətdir ki, artıq təşəbbüs Bakının əlindədir və regional gündəliyi məhz Azərbaycan müəyyən edir.

Ekspert hesab edir ki, Azərbaycanın mövqeyi aydındır və bundan sonra da bir neçə istiqamətdə fəaliyyət davam etdirilməlidir:

beynəlxalq platformalarda ardıcıl və prinsipial mövqe nümayiş etdirmək;

regionda iqtisadi və nəqliyyat layihələrini sürətləndirmək;

– ikili və çoxtərəfli diplomatik əlaqələri gücləndirmək;

– informasiya müstəvisində aktivliyi artırmaq.

“Ən önəmlisi isə budur ki, Azərbaycan artıq müdafiə olunan deyil, təşəbbüs göstərən tərəfdir və bu üstünlüyü qoruyub saxlamalıdır.

Şübhəsiz, bu proses daha geniş geosiyasi rəqabətin tərkib hissəsidir. Cənubi Qafqaz bu gün təkcə regional yox, qlobal güclərin maraq dairəsinə çevrilib. Enerji resursları, nəqliyyat dəhlizləri və geostrateji mövqe bu regionu xüsusilə cəlbedici edir. Rusiyanın addımları da məhz bu rəqabət fonunda başa düşülməlidir. Rusiya Qərbin, xüsusilə Avropa İttifaqı və ABŞ-ın regiondakı fəallaşmasına qarşı öz təsir rıçaqlarını saxlamağa çalışır. Əsas məsələ bundan ibarətdir ki, artıq region ölkələri, ilk növbədə, Azərbaycan  öz milli maraqlarını daha qətiyyətlə müdafiə edir və xarici güclərin diktəsi ilə deyil, müstəqil siyasət əsasında qərarlar qəbul edir.

Qarabağ mövzusunun siyasi manipulyasiya alətinə çevrilmək cəhdlərinə baxmayaraq, reallıq dəyişməzdir ki, Azərbaycan suverenliyini bərpa edib və region yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə əsas məsələ sülhün möhkəmləndirilməsi və əməkdaşlıq mühitinin formalaşdırılmasıdır”, - ekspert əlavə edib.

“Belə bir kontekstdə Türkiyə ilə münasibətlərin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”

Siyasi ekspert Azər Hüseynov Hafta.az-a bildirib ki, Rusiyanın Qarabağ məsələsini yenidən gündəmə gətirməsi təsadüfi addım kimi görünmür.

Ekspert qeyd edib ki, bu, daha çox paralel şəkildə bir neçə istiqamətə hesablanmış siyasi manevr təsiri bağışlayır:

“Bunun, bir tərəfdən, Ermənistanda yaxınlaşan seçkilər kontekstində daxili siyasi proseslərə təsir etmək məqsədi daşıdığı aydın hiss olunur. Qarabağ mövzusu Ermənistan cəmiyyətində emosional və mobilizasiyaedici faktor olaraq qalır. Bu səbəbdən, Moskva üçün bu kartın aktivləşdirilməsi müəyyən siyasi qüvvələrin mövqelərini gücləndirmək və ya zəiflətmək üçün alət rolunu oynaya bilər. Xüsusilə Rusiyaya daha yaxın mövqe tutan siyasi dairələrin önə çıxarılması və qərbyönümlü qüvvələrin zəiflədilməsi bu kontekstdə ehtimal olunan ssenarilər sırasındadır.

Digər tərəfdən, məsələ yalnız Ermənistan daxilində baş verən proseslərlə məhdudlaşmır. Qarabağ mövzusunun yenidən qabardılması, eyni zamanda, Azərbaycana yönəlmiş dolayı təzyiq mexanizmi kimi də çıxış edir. Bu, xüsusilə Azərbaycanın son illərdə daha balanslı və çoxşaxəli xarici siyasət yürütməsi fonunda diqqət çəkir. Bakı həm Qərb, həm regional güclər, həm də qonşu ölkələrlə münasibətlərini diversifikasiya etməyə çalışdığı bir mərhələdədir. Belə bir şəraitdə Moskva üçün təsir vasitələrini qoruyub-saxlamaq strateji əhəmiyyət kəsb edir və Qarabağ kimi həssas bir mövzunun yenidən gündəmə gətirilməsi bu rıçaqlardan biri kimi istifadə olunur”.

A.Hüseynov bildirib ki, bu prosesin potensial mənfi təsirləri isə bir neçə istiqamətdə özünü göstərə bilər:

“İlk növbədə, regionda artıq formalaşmaqda olan nisbətən sabit təhlükəsizlik mühitinə psixoloji və siyasi təzyiq yaradır. Bu isə həm investisiya mühiti, həm regional əməkdaşlıq təşəbbüsləri, həm də nəqliyyat layihələri baxımından qeyri-müəyyənlikləri artırır. Digər tərəfdən, informasiya müharibəsi və diplomatik ritorikanın sərtləşməsi regionda etimad mühitinə zərbə vurur”.

Ekspert belə bir vəziyyətdə Azərbaycanın atmalı olduğu addımlara diqqət çəkib və  bunun daha çox preventiv və çoxvektorlu siyasət üzərində qurulmalı olduğunu vurğulayıb. O, hesab edir ki, belə bir kontekstdə Türkiyə ilə münasibətlərin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir:

“Ankara-Bakı xətti, artıq yalnız hərbi-siyasi ittifaq deyil, eyni zamanda, regional təhlükəsizlik arxitekturasının əsas sütunlarından birinə çevrilməkdədir. Bu münasibətlərin dərinləşdirilməsi yalnız hərbi sahədə deyil, diplomatik koordinasiya, iqtisadi inteqrasiya və informasiya sahəsində də paralel şəkildə inkişaf etdirilməlidir. Bu, mümkün təzyiq və manipulyasiya cəhdlərinə qarşı daha davamlı bir sistem formalaşdırır.

Bununla yanaşı, Cənubi Qafqaz ölkələri arasında koordinasiyanın gücləndirilməsi də strateji baxımdan vacibdir. Region ölkələri arasında birbaşa dialoq və əməkdaşlıq mexanizmlərinin inkişafı xarici müdaxilə imkanlarını avtomatik olaraq məhdudlaşdırır. Xüsusilə Azərbaycan, Gürcüstan və müəyyən çərçivədə Ermənistan arasında iqtisadi və nəqliyyat layihələrinin genişlənməsi qarşılıqlı asılılığı artıraraq siyasi gərginliyin idarə olunmasını asanlaşdıra bilər”.

“Rusiya erməni cəmiyyətinə “Qarabağ məsələsində maraqlıyıq” mesajı verməyə çalışır”

Siyasi ekspert Əli Mustafa Hafta.az-a bildirib ki, Rusiyanın Qarabağ məsələsini yenidən gündəmdə saxlamaq cəhdləri daha çox geosiyasi maraqlardan qaynaqlanır.

Onun fikrincə, Moskva bu mövzunu aktiv saxlamaqla regionda təsir imkanlarını qorumağa və tərəflər üzərində müəyyən təsir rıçaqlarını saxlamağa çalışır. Eyni zamanda bu yanaşma Ermənistan daxilində, xüsusilə də siyasi hakimiyyət üzərində psixoloji təsir vasitəsi kimi də istifadə olunur.

“Rusiya bir tərəfdən, erməni cəmiyyətinə “Qarabağ məsələsində maraqlıyıq” mesajı verməyə çalışır, digər tərəfdən isə bu prosesdə əsas maneə kimi Ermənistan rəhbərliyini göstərir. Bu isə daxili siyasi proseslərə, o cümlədən seçki mühitinə təsir etmək məqsədi daşıya bilər.

Azərbaycanın bu məsələyə münasibəti isə kifayət qədər aydındır. Rəsmi Bakı Qarabağ məsələsini artıq bağlanmış mövzu hesab edir və onu yenidən müzakirə predmetinə çevirmək cəhdlərini qəbul etmir. Xarici İşlər Nazirliyinin bu istiqamətdə verdiyi bəyanat ümumilikdə adekvat və balanslı mövqe kimi qiymətləndirilə bilər. Daha sərt reaksiyalar mümkün olsa da, bu, mövcud geosiyasi reallıqları nəzərə aldıqda praktiki nəticə verməyə bilər”, - ekspert bildirib.

Ə.Mustafa hesab edir ki, mövcud şəraitdə ən effektiv yanaşma Qarabağda yeni reallıqların daha da möhkəmləndirilməsi, regionun sürətli bərpası və inkişafının təmin olunmasıdır. Bu istiqamətdə iqtisadi fəaliyyətin  genişləndirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi və əhalinin geri qayıdışı üçün əlverişli şəraitin yaradılması xüsusi əhəmiyyət daşıyır.

Ə.Mustafa bildirib ki, Qarabağın iqtisadi və sosial baxımdan cəlbedici məkana çevrilməsi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə bu mövzunun aktuallığını tədricən azalda bilər:

“Bu prosesə yalnız dövlət deyil, həm də özəl sektor və cəmiyyətin digər təbəqələri fəal şəkildə cəlb olunmalıdır. Nəticə etibarilə, Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsi cəhdlərinə qarşı ən effektiv cavab real inkişaf, dayanıqlı sabitlik və bölgənin tam reinteqrasiyasıdır. Bu istiqamətdə atılan addımlar nə qədər sistemli və davamlı olarsa, mövzunun siyasi manipulyasiya aləti kimi istifadə imkanları da bir o qədər azalacaq”.

Seçilən
18
hafta.az

1Mənbələr