AZ

Dezinformasiya hücumu: Qarabağ mövzusu yenə hədəfdə - ÖZƏL

"Qarabağda və Zəngəzurda mədəni və dini abidələrin guya dağıdılması ilə bağlı məlumatların erməni mediasında dövri şəkildə tirajlanması yeni fəaliyyət üsulu deyil. 2020-ci il Vətən müharibəsindən sonra da Ermənistan mediası bu mövzuya mütəmadi olaraq qayıdıb və onu informasiya gündəmində saxlayıb."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

Bu baxımdan, sözügedən iddiaları Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsinin yeni mərhələsi kimi qiymətləndirmək düzgün olmaz. Əksinə, bu, uzun illərdir istifadə olunan və artıq sistemli xarakter almış təbliğat üsulunun davamıdır.

Belə dezinformasiyaların konkret hədəfləri mövcuddur. Bu fəaliyyət əsasən Ermənistanın millətçi, şovinist, militarist və revanşist dairələrinə bağlı media qurumları tərəfindən həyata keçirilir. Prosesdə yalnız ənənəvi media deyil, həm də sosial şəbəkələrin erməni seqmenti aktiv rol oynayır.

Eyni zamanda qeyd etmək lazımdır ki, hazırkı Ermənistan hakimiyyəti sülh prosesinin davam etdirilməsində daha çox maraqlı görünür və bunu həm öz siyasi maraqları, həm də dövlətin gələcəyi baxımından vacib hesab edir. Bu səbəbdən, dağıdıcı və qisasçı xarakterli informasiyaların yayılmasında hakimiyyətin əsas qanadının birbaşa iştirakı inandırıcı görünmür.

Bu cür informasiya kampaniyaları əsasən Ermənistanın müxalif, revanşist və radikal millətçi dairələri, eləcə də xaricdə fəaliyyət göstərən erməni diasporuna bağlı qruplar tərəfindən idarə olunur. Qeyd olunan qüvvələr Qarabağ münaqişəsinin 30 ildən artıq davam etdiyi dövr ərzində də oxşar fəaliyyətləri ilə seçiliblər.

Hazırda bölgədə yeni reallıqların formalaşması və Qarabağ məsələsinin həll olunması həmin dairələri qane etmir. Onlar sülh prosesini ləngitmək, cəmiyyətdə revanşist əhval-ruhiyyəni gücləndirmək və siyasi gündəmdə mövqelərini qorumaq məqsədilə mütəmadi olaraq bu tip yalan informasiyalar yayırlar.

Bununla yanaşı, Azərbaycanın mədəni və tarixi irsə münasibətdə heç vaxt dağıdıcı və ya barbar yanaşma sərgiləmədiyini vurğulamaq vacibdir. Əksinə, bu cür yanaşmalar daha çox Ermənistanın fəaliyyətində müşahidə olunub.

Erməni tərəfinin Qarabağ uğrunda döyüşmüş şəxslərin guya məzarlarının dağıdılması ilə bağlı iddiaları da reallığı əks etdirmir. Azərbaycanın ərazi bütövlüyünə qarşı aparılmış müharibədə həlak olmuş şəxslər qəhrəman deyil, separatçı fəaliyyətin iştirakçıları kimi qiymətləndirilir və bu məsələnin siyasiləşdirilməsi yolverilməzdir.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
34
olaylar.az

1Mənbələr