AZ

Fransa HDQ üçün növbəti FDI freqatı sifariş olunub

Fransa hökumətinin müdafiə satınalmaları və texnologiyaları agentliyi Hərbi Dəniz Qüvvələri (HDQ) üçün “Naval Group” şirkətinə beşinci müdafiə və müdaxilə freqatını (FDI – fifth defence and intervention) sifariş edib.

“Poliqon” “Naval Group”a istinadən xəbər verir ki, Fransa donanması üçün ümumilikdə beş gəminin tədarükünü nəzərdə tutan proqram çərçivəsində inşa ediləcək beşinci FDI freqatı ölkənin HDQ imkanlarının yenilənməsi və gücləndirilməsini əks etdirir.

Bildirilib ki, Fransa HDQ üçün beş və Yunanıstan HDQ üçün dörd gəminin inşası ilə bu seriyanın ümumi istehsal sayı doqquza çatacaq. Bu freqatların inşası Lorient şəhərində yerləşən “Naval Group” zavodunda aparılır.

FDI birinci dərəcəli freqatdır və bütün döyüş sahələrində sübut olunmuş imkanlara malikdir: hava hücumundan müdafiə; sualtı qayıqlara qarşı mübarizə; suüstü hədəflərə qarşı əməliyyatlar; asimmetrik təhdidlərə qarşı fəaliyyət.

Çoxfunksiyalı və inkişaf etdirilə bilən bu gəmi həm müstəqil, həm də donanma tərkibində fəaliyyət göstərərək müasir və gələcək təhdidlərə qarşı mübarizə apara bilir. Bu təhdidlərə yeni nəsil sualtı qayıqlar, səsdən sürətli raketlər, kiberhücumlar və kompleks asimmetrik risklər daxildir. Bunun üçün gəmi qabaqcıl rəqəmsal və məlumat emalı texnologiyaları ilə təchiz olunub.

İstehsalçının bildirdiyinə görə, FDI dünyanın bütün əməliyyat bölgələrində fəaliyyət göstərə bilir və dəniz müharibəsinin dəyişən tələblərinə cavab verir. Bu xüsusiyyət onu donanmalar üçün mühüm aktivə çevirir.

Freqatın kompakt quruluşu və unikal dizaynı müxtəlif mühitlərdə və çətin dəniz şəraitində (soyuq və isti sular, xüsusilə arxipelaq zonaları) effektiv fəaliyyət göstərməyə imkan verir.

Bundan əlavə, gəminin dizaynı və avtomatlaşdırma sistemləri onun daha az heyətlə idarə olunmasına imkan yaradır. Yüksək texniki xidmət rahatlığı sayəsində texniki baxım müddətləri azalır və əməliyyat hazırlığı artırılır. Bu göstəricilər Fransa Hərbi Dəniz Qüvvələrinin FREMM çoxməqsədli freqatları ilə müqayisə edilə bilər. Belə ki, həmin gəmilər son 10 ildə 80% əməliyyata hazır vəziyyət səviyyəsinə nail olub.

Sonda qeyd edək ki, FDI freqatları NATO standartlarına uyğun layihələndirilir və inşa olunur. Bu isə müttəfiq donanmalar arasında qarşılıqlı fəaliyyət və əlaqələndirməni təmin edir.

Seçilən
48
poliqon.az

1Mənbələr