AZ

Dağıstan sel fəlakəti: 97 kəndlə əlaqə kəsildi - Ölənlər var

Dağıstanda bir həftədən artıqdır davam edən güclü daşqınlar və sel fəlakəti bölgədə vəziyyəti kritik həddə çatdırıb.

Musavat.com xəbər verir ki, yaranmış vəziyyətlə əlaqədar Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov təcili olaraq respublikaya gəlib.

Mahaçqalaya eniş edən nazir dərhal operativ müşavirə keçirib.

Bildirilir ki, o, helikopterlə ən çox zərər çəkmiş ərazilərə baxacaq və fəlakətin miqyasını yerində qiymətləndirəcək. Eyni zamanda, hökumət komissiyasının iclasında sakinlərə yardımın göstərilməsi və fəsadların aradan qaldırılması üçün əlavə tədbirlər müəyyən ediləcək. Artıq Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi ilə bölgəyə humanitar yardım çatdırılıb.

Xatırladaq ki, 30 martdan bəri bölgədə leysan yağışlar davam edir. Transformator yarımstansiyalarının su altında qalması nəticəsində bütün rayonlar elektrik enerjisi və içməli susuz qalıb. Bundan əlavə, leysan yağışlar torpaq sürüşmələrinə və dağıntılara səbəb olub. Yaşayış binalarına, eləcə də rabitə və enerji qurğularına ziyan dəyib.

Təbii fəlakət nəticəsində 6 nəfər həlak olub ki, onlardan ikisi 5 və 12 yaşlı uşaqlardır. Hazırda respublikada regional xarakterli fövqəladə vəziyyət rejimi tətbiq edilib. Fəlakət zonası 11 bələdiyyə üzrə təxminən 1,5 milyon sakini əhatə edir. Sel və sürüşmələr səbəbindən 97 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib. İndiyədək 1300-ü uşaq olmaqla, ümumilikdə 6229 nəfər təxliyə edilib. Fəsadların aradan qaldırılmasına 2000-dən çox könüllü cəlb olunub.

Sinoptiklərin proqnozuna görə, aprelin 9-dan 14-nə qədər Dağıstanda yenidən güclü yağıntılar gözlənilir ki, bu da vəziyyəti daha da gərginləşdirə bilər.

Musavat.com

Seçilən
1
2
musavat.com

3Mənbələr