AZ

Satbayev Universiteti və ADAU rəhbərliyi bir arada - FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Qazaxıstanın K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti arasında elm və təhsil sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə görüş keçirilib. 

"Unikal" xəbər verir ki, görüşdə hər iki ali təhsil müəssisəsinin nümayəndə heyətləri iştirak edərək, ortaq maraq doğuran strateji sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Müzakirələr zamanı əsas diqqət müasir kənd təsərrüfatı texnologiyaları, aqrar sahədə rəqəmsallaşma, “ağıllı kənd təsərrüfatı” (smart agriculture) və bu istiqamətlərdə mütəxəssis hazırlığına yönəldilib.

ADAU-nun rektoru Zəfər Qurbanov Aqrar Universitetin aqrar sahədəki zəngin ənənələri və təcrübəsi ilə Satbayev Universitetinin mühəndislik, eləcə də innovativ informasiya texnologiyaları üzrə potensialının birləşdirilməsinin hər iki ölkənin iqtisadiyyatına və sənayesinə böyük töhfə verəcəyini bildirib.

Satbayev Universitetinin İdarə Heyətinin sədri və rektoru Meyram Begentayev birgə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdıraraq gələcək perspektivlərdən söz açıb.

Tərəflər təhsilin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, eləcə də magistratura səviyyəsində ikili diplom layihələrinin həyata keçirilməsi barədə səmərəli fikir mübadiləsi aparıblar. Bununla yanaşı, birgə elmi-tədqiqat işlərinin aparılması, müasir aqrotexnologiyaların tətbiqi üzrə beynəlxalq qrant layihələrində iştirak və müştərək elmi konfransların təşkili məsələlərinə də toxunulub.

Görüşün yekununda qeyd olunan istiqamətlər üzrə fəaliyyətlərin rəsmiləşdirilməsi və sistemli şəkildə icrasına başlanılması üçün yaxın gələcəkdə Əməkdaşlıq Memorandumunun imzalanması barədə ilkin razılıq əldə olunub. Hər iki ali təhsil müəssisəsinin nümayəndələri bu tərəfdaşlığın Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinin, eləcə də elm və təhsil sahəsindəki strateji əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyini bildiriblər.

Seçilən
0
1
unikal.az

2Mənbələr