ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) 2025-ci ildə Azərbaycanda dini vəziyyətin qiymətləndirilməsi ilə bağlı hesabatı yayımlanıb. Hesabatda dini azadlığın pozulması və dini icmalara təzyiq göstərilməsi kimi Azərbaycana qarşı əsassız iddialar müəyyən qrupların qərəzli lobbiçilik mövqeyi əks etdirilib. Qafqaz Müsəlmanları İdarəsi əsassız iddialarla bağlı münasibət bildirərək ciddi narahatlıqlarını və dərin təəssüflərini ifadə ediblər.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovun sözlərinə görə, bu cür qərəzli hesabatların hazırlanmasına son qoymağın vaxtı çoxdan çatıb.
O bildirib ki, uzun illərdir Azərbaycanın daxili işinə qarışaraq ölkə ilə bağlı hesabatlar hazırlanır, Azərbaycan bir sıra məsələlərdə ittiham olunur: “Bu birmənalıdır ki, bu gün Azərbaycan dünyanın ən tolerant, multikultural ölkələrindən biridir. Yəni dəfələrlə böyük dini mərkəzlərin rəhbərləri Azərbaycanla bağlı öz müsbət fikirlərini bildiriblər. Azərbaycanda mövcud olan tolerantlığın, multikulturalizmin xaricə idxal olunmasının mümkünlüyündən və önəmindən bəhs ediblər. Bu mənada Azərbaycanda olan tolerant, birgə yaşayış dünyanın heç bir ölkəsində demək olar ki, yoxdur. Azərbaycan bu mənada sözün həqiqi mənasında nümunədir. Hesab edirəm ki, istər müsəlmanlar, istər xristianlar, yəhudilər bir-birləri ilə sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Guya Azərbaycanda dini azadlıq pozulur, dini icmalara hansısa təzyiq var. Bunların heç birinin əsası yoxdur. Bu cür yanaşmalar qeyd olunduğu kimi mütləq mövcud olan bəzi qrupların qərəzli lobbiçilik mövqeyini əks etdirir. Azərbaycanda bu gün heç bir münaqişə, qarşıdurma yoxdur. Siz Azərbaycandakı, xristian, yəhudi və digər dinlərin nümayəndələrindən soruşsanız, onlar Azərbaycan haqqında ən yüksək fikirlərini söyləyəcəklər. Azərbaycanda tolerantlığın, multikulturalizmin ən yüksək olması ilə bağlı da fikirlərini bölüşəcəklər. Tövsiyə edirik ki, ümumiyyətlə, bu cür hesabatlara son qoymağın vaxtı çatıb. Onlara dəqiq informasiya lazımdırsa, bu məlumatı biz də təqdim edə bilərik, onlar gəlib baxa da, görə də bilərlər. Bu gün Azərbaycan və Amerika arasında münasibətlər ən yüksək səviyyədədir, artan xətlə inkişaf edir və Azərbaycana qarşı bu cür iddiaları səsləndirmək olmaz. İddialar ikitərəfli münasibətlərə də xələl gətirir. Düşünürəm ki, bu cür hesabatlar eyni zamanda Azərbaycan həqiqətlərini də təhrif edir. Ona görə də biz tövsiyə edirik ki, gəlsinlər, baxsınlar, görsünlər. Azərbaycana gələn siyasilər, səfirlər, dini mərkəzlərin rəhbərləri həmişə ölkəmizdəki vəziyyətdən ağız dolu danışıblar və yüksək fikirlərini bildiriblər. Ona görə də gəlib görsünlər və belə qərəzli hesabatların hazırlanmasına son qoysunlar. Qafqaz Müsəlmanları İdarəsinin bu bəyanatına mən də qoşuluram, çox yüksək qiymətləndirirəm”.
Şəhanə Quliyeva