AZ

Kim haqlıdır: Gözdən əlil yaşlı qadın, yoxsa əlilin hüquqlarına məhəl qoymayan Agentlik?..

Sosial Xidmətlər Agentliyi gözdən əlil olan yaşlı qadının hüquqlarını uzun illərdir ki, tapdalayır...

Hüquqşünas: “Gözdən əlil şəxslərin mənzil hüququ yalnız sosial təminat məsələsi deyil eyni zamanda insan hüquqlarının tərkib hissəsi kimi qiymətləndirilməlidir”.

Xatırladaq ki, təqribən 1 ay əvvəl “Gözdən əlil qadın 18 ildir növbədədir, amma mənzil ala bilmir və Agentlik susur...” adlı şikayət dərc etmişdik. Şikayətdə bildirilirdi ki, 2-ci qrup gözdən əlil olan Sabail rayonu sakini Niftaliyeva Sevil Həsən qızı gözdən əlil kimi 18 ildir mənzil növbəsində olsa da, hələ də mənzillə təmin olunmayıb. Halbuki ondan sonra növbədə olanların demək olar ki, hamısı Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin olunublar. Sevil Niftalıyevanın haqlı tələbinə isə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayevin imzaladığı məktubda bildirilib ki, Agentliyin tabeleyində bir otaqlı mənzil olmadığına görə, gözdən əlil qanunvericiliyə uyğun qaydada mənzillə təmin olunmayıb və bir otaqlı mənzil olan kimi əlil mənzillə təmin olunacaq.

Qeyd edək ki, ölkə prezidentinə ünvanlanan şikayət məktubu dərc olunduqdan 3 həftə sonra Sosial Xidmətlər Agentliyinə ünvanladığımız sorğumuza cavab almışıq. Cavab məktubunda İdarə Heyətinin sədr müavini Faiq Ağayev Sevil Niftalıyeva ünvanladığı məktubunu bizə də ünvanlayıb və bildirib ki, Agentliyin tabeleyində bir otaqlı mənzil olmadığına görə, gözdən əlil qanunvericiliyə uyğun qaydada mənzillə təmin olunmayıb və bir otaqlı mənzil olan kimi əlil mənzillə təmin olunacaq.

Bəs bu məsələdə Sosial Xidmətlər Agentliyi nə qədər haqlıdır. Doğrudanmı Sevil Niftalıyeva illərlə gözləməlidir ki, Agentliyin tabeliyində 1 otaqlı mənzil olsun və o da mənzillə təmin olunsun? Burda məsələnin başqa bir maraqlı tərəfi də odur ki, Sevil Niftalıyevadan sonra ev növbəsinə duran onlarla gözdən əlil bir otaqlı mənzillə təmin olunub və Sevil Niftalıyeva bildirir ki, bunu asanlıqla sübut edə bilər. Bu halda isə Sosial Xidmətlər Agentliyinin Sevil Niftalıyevaya qarşı yanaşması bir çox suallar yaradır.

Məsələnin qanunvericilik və hüquqi tərəfi ilə bağlı Poliqon-un əməkdaşı hüquqşünas Ellada Bayramovanın rəyini alıb.

Ellada Bayramova: “Mövcud qanunvericiliyə əsasən əlilliyi olan şəxslərin sosial müdafiəsi dövlətin birbaşa öhdəlikləri sırasına daxildir”.

Hüquqşünas bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin sosial təminat hüququnu tanıyır və dövlətin bu hüququ reallaşdırmaq üçün zəruri tədbirlər görməsini tələb edir. Nəticə etibarilə bir otaqlı mənzilin olmaması faktı dövlət orqanını öhdəlikdən azad etmir. Əgər qanunvericilikdə nəzərdə tutulan müddət ərzində uyğun ölçüdə mənzil təmin edilə bilmirsə, bu halda dövlət orqanı daha böyük sahəyə malik mənzillə təmin etmə məsələsinə baxmalıdır:

“Azərbaycan Respublikasında sosial təminat hüquqları, xüsusilə də həssas kateqoriyadan olan şəxslərin mənzil ilə təmin olunması məsələsi hüquqi dövlət prinsipinin və sosial ədalət anlayışının əsas göstəricilərindən biridir Gözdən əlil şəxslərin mənzil hüququ yalnız sosial təminat məsələsi deyil eyni zamanda insan hüquqlarının tərkib hissəsi kimi qiymətləndirilməlidir

Mövcud qanunvericiliyə əsasən əlilliyi olan şəxslərin sosial müdafiəsi dövlətin birbaşa öhdəlikləri sırasına daxildir. Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin sosial təminat hüququnu tanıyır və dövlətin bu hüququ reallaşdırmaq üçün zəruri tədbirlər görməsini tələb edir. Bununla yanaşı əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar dövlətin bu sahədə konkret öhdəliklərini müəyyən edir.

Qanunvericiliyin mahiyyətindən irəli gələrək gözdən əlil şəxslər o cümlədən ikinci qrup əlilliyi olan şəxslər yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər kimi növbəyə götürülür və müəyyən edilmiş müddətlər çərçivəsində mənzillə təmin olunmalıdırlar. Hüquqi doktrina və tətbiq edilən normativ aktların təhlili göstərir ki belə şəxslərin uzun illər ərzində növbədə saxlanılması dövlətin üzərinə düşən pozitiv öhdəliklərin lazımi səviyyədə icra edilməməsi kimi qiymətləndirilə bilər.

Sosial Xidmətlər Agentliyinin bir otaqlı mənzillərin olmaması səbəbi ilə şəxsi mənzillə təmin etməməsi formal baxımdan inzibati əsaslandırma kimi təqdim olunsa da, hüquqi baxımdan bu mövqe mübahisəlidir. Çünki hüquq yalnız formal prosedurlarla məhdudlaşmır onun əsas məqsədi vətəndaşın hüququnun real təmin edilməsidir. Əgər qanunvericilikdə nəzərdə tutulan müddət ərzində uyğun ölçüdə mənzil təmin edilə bilmirsə, bu halda dövlət orqanı alternativ mexanizmlər tətbiq etməlidir. O cümlədən daha böyük sahəyə malik mənzillə təmin etmə məsələsinə baxmalıdır.

Ellada Bayramova: “18 il müddətində mənzillə təmin olunmama faktı artıq proporsionallıq və ədalətlilik meyarları ilə uyğun gəlmir”.

Qanunvericilikdə açıq şəkildə göstərilməsə belə, hüququn məqsəd yönümlü şərhi və sosial dövlət prinsipi tələb edir ki vətəndaşın hüququnun təmin olunması gecikdirilməsin. Əks halda bu vəziyyət inzibati hərəkətsizlik kimi qiymətləndirilə bilər və həmin hərəkətsizlik məhkəmə nəzarətinə açıqdır.

Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda da sosial təminat hüquqları ilə bağlı dövlətlərin üzərinə düşən öhdəliklər geniş şərh olunur və uzun müddət ərzində hüququn təmin edilməməsi halları hüququn pozuntusu kimi qiymətləndirilə bilər. Bu baxımdan 18 il müddətində mənzillə təmin olunmama faktı artıq proporsionallıq və ədalətlilik meyarları ilə uyğun gəlmir.

Bu halda şikayətçinin məhkəməyə müraciət etmək hüququ tam əsaslıdır və bu cür işlər inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qarşısında əsas arqument kimi dövlət orqanının hərəkətsizliyi qanunla müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsi və vətəndaşın sosial təminat hüququnun pozulması göstərilə bilər. Əgər məhkəmə müəyyən etsə ki, dövlət orqanı üzərinə düşən öhdəliyi icra etməyib, bu halda müvafiq icra hakimiyyəti orqanına şəxsin mənzillə təmin olunması barədə qərar qəbul edə bilər.

Nəticə etibarilə bir otaqlı mənzilin olmaması faktı dövlət orqanını öhdəlikdən azad etmir və bu əsasla uzun müddət ərzində vətəndaşın mənzil hüququnun təmin edilməməsi hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Mövcud vəziyyətdə şikayətçinin məhkəməyə müraciət etmək perspektivi yüksək qiymətləndirilə bilər və bu cür iddialar hüquqi dövlət prinsipləri çərçivəsində müdafiə olunmalıdır”.

Poliqon.info

Seçilən
35
poliqon.info

1Mənbələr