AZ

Macarıstan İrana yardım təklif edib: Siyarto ilə Əraqçi arasında gizli danışıq üzə çıxdı

2024-cü ilin sentyabrında Livanda "Hizbullah" üzvlərinə məxsus peycerlərin kütləvi şəkildə partladılmasından sonra Viktor Orban hökuməti bu təşkilatın əsas sponsoru olan İrana yardım təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə iranlı həmkarı Abbas Əraqçi arasındakı telefon danışığının sızdırılmış stenoqramına istinadən məlumat yayıb.

Qərb kəşfiyyat xidməti tərəfindən əldə edilən və təsdiqlənən 30 sentyabr 2024-cü il tarixli danışıq zamanı Siyarto iranlı həmkarına mühüm vədlər verib.

Macar nazir qeyd edib: “Bizim məxfi xidmətimiz artıq sizin xidmətlərlə əlaqə saxlayıb. İstintaq zamanı topladığımız bütün məlumatları paylaşacağıq və bütün mümkün sənədlər sizin tərəfə ötürüləcək”.

Xatırladaq ki, həmin dövrdə Macarıstan hadisələrin mərkəzində idi. Belə ki, peycerlərin brendinə sahib olan Tayvan şirkəti cihazların lisenziya müqaviləsi əsasında bir Macarıstan firması tərəfindən istehsal edildiyini iddia etmişdi. Bu səbəbdən Siyarto telefon danışığında Əraqçini əmin etməyə çalışıb ki, rəsmi Budapeştin 17 sentyabrda baş verən və 12 nəfərin ölümü, 2800 nəfərin yaralanması ilə nəticələnən hücumda heç bir iştirakı yoxdur və cihazlar Macarıstanda istehsal olunmayıb.

Bu sızma Macarıstanın xarici siyasətindəki ziddiyyətləri yenidən gündəmə gətirib. Belə ki, Viktor Orban hökuməti beynəlxalq platformalarda rəsmi olaraq İsraili dəstəkləsə də, eyni zamanda İran və Rusiya ilə sıx təmaslarını davam etdirir. WP vurğulayır ki, bu məlumatların yayılması ABŞ və İsrailin İranla gərginliyi fonunda, həmçinin aprelin 12-nə təyin edilmiş Macarıstan parlament seçkiləri ərəfəsində xüsusi əhəmiyyət kəsb edir.

Məqalədə həmçinin qeyd olunur ki, İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Tramp Viktor Orbanı açıq şəkildə dəstəkləyirlər. Hətta bu həftə ABŞ vitse-prezidenti Cey Di Vens Orbanın seçki kampaniyasına dəstək üçün Budapeştə səfər edib.

Bundan əvvəl isə Rusiya və Macarıstan XİN rəhbərləri arasında daimi qeyri-rəsmi rabitə kanalının mövcud olduğu bildirilib.

Musavat.com

Seçilən
39
50
musavat.com

10Mənbələr