ABŞ və İran arasında atəşkəs əldə olunması özü artıq mühüm siqnaldır. Amma, üçüncü tərəfin bu razılaşmaya reaksiyası razılaşmanın pozulma ehtimalını böyüdür. Bu baxımdan qısa müddətdə nisbətən riayət olunması ehtimalı ola bilər. Əlbətdə ki ABŞ prezidenti Donald Trampa İranla və Hörmüz boğazı ilə bağlı daxildə ciddi təzyiqlər var. Beynəlxalq təzyiq Avropa və NATO ölkələrindən, Çin və sairə ölkələrdən davam edir.Bu təzyiqlər eskalasiyanın qarşısını almağa yönəlikdir və bu baxımdan hər iki tərəf genişmiqyaslı müharibənin baha başa gələcəyini və daha çox itkilərə yol açacağını anlayır. Əlbətdə ki tərəflər yalan -doğru, sərt bəyanatlar səsləndirirlər. Bunu heç şübhəsiz ki, hər iki ölkə özünün daxili auditoriyasına yönəlik təbliğat kimi qəbul etmək olar , amma, bu hal tərəflərin bir-birinə ehtiram göstərməməsini göstərir və həmçinin proksi qüvvələrin atəşkəsi pozması və kiçik insidentlər nəticəsində atəşkəsin hər an pozulması baş verə bilər. Yəni atəşkəsin pozulma riski hər an yüksək olaraq qalır və bu xüsusilə də ilk on gündə daha çox yüksəkdir. Əlbətdə ki tərəflərin irəli sürdüyü şərtlərə diqqət yetirsək, görərik ki çox ağır şərtlərdir və bu şərtlər uzunmüddətli və dayanıqlı atəşkəs və sülh üçün zəmini şübhə altına alır. Hesab edirəm ki, atəşkəs rejiminə riayət olunması məqsədilə beynəlxalq nəzarət mexanizmi tətbiq olunması lazımdır. BMT və yaxud da daha neytral ölkələr bu addımı həyata keçirə bilərlər. İnsidentlərin araşdırılması üçün birgə komissiya və atəşkəsin dayanıqlı olması məqsədilə digər mexanizmlərin tətbiqi lazımdır. Hesab edirəm ki ABŞ-ın İrana qarşı sanksiyaları qaldırması və digər addımlar atılması lazımdır və İran da öz növbəsində Hörmüz boğazında və proksi qruplarına qarşı və digər addımlar atması lazımdır ki, bu addımlar sülh istiqamətində ortalığı yumşaltmaq üçün faydalı ola bilər. Bunun üçün ilk növbədə diplomatik kanallar fəaliyyət göstərməlidir. Hesab edirəm ki hazırkı dövrdə şərtlərin müzakirəsi doğru deyil və bunun üçün münbit zəminin yaradılması lazımdır. Nüvə proqramı, dəniz təhlükəsizliyi, regional balans, enerji axını və sairə məsələləri daha sonra atəşkəsin tam riayət olunmasına nail olduqdan sonra müzakirə etmək daha yaxşı olardı. İndiki məqamda belə müzakirələr və şərtlər müharibəni yenidən alovlandıran amillərdir. Bu baxımdan hesab edirəm ki, hazırda sülh üçün etibarlı zəmin yaradılmayıb və bu səbəbdən yenidən müharibə riski yüksəkdir.
Çingiz Şahbazi, siyasi ekspert